Skoda şirkəti Octavia modelinin hibrid güc qurğusuna malik olan «bərkgedən» RS versiyasının ilk təsvirlərini yayıb. «Bərkgedən» Octavia RS modelinin mart ayında keçiriləcək Cenevrə avtosalonunda debüt edəcəkdir.
İlk Skoda Octavia RS modelinin debütündən düz 20 il keçir. Bu il isə, Skoda şirkəti Octavia RS modelinin hibrid güc qurğusu ilə hərəkətə gələn versiyasını təqdim etməlidir. RS ailəsi ənənəvi olaraq liftbek və universal kuzovunda təklif edilir. «Bərkgedən» modellər qara rəngli eksteryer tərtibatı, iri hava girişləri və kiçik arxa spoylerlər ilə seçiləcəkdirlər.
Bundan başqa, Skoda şirkəti ilk dəfə olaraq yeni modelin güc qurğusu barədə məlumatı dərc edib. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi təşkil edəcəkdir. Xatırladaq ki, bənzər gücə Octavia RS245 modelinin 2,0-litrlik turbomühərriki də malik idi.
Skoda Octavia RS modelinin rəsmi təqdimat mərasimi 3 mart tarixində Cenevrə avtosalonunda baş tutacaqdır. Yeni model Avropadakı dilerlərə 2021-ci ildə göndəriləcəkdir. Mətbuat xidmətinin bildirdiyinə görə, Almaniya, Böyük Britaniya və İsveçrədə satılan hər beş Octavia modelindən biri RS indeksini daşıyır.