Şkoda şirkəti “qaynar” Octavia RS liftbekinin və universalının yenilənmiş variantlarını təqdim etmişdir. Modellərin eksteryerləri dəyişdirilmiş və 230 at qüvvəli benzin mühərriki ilə təchiz edilmişdirlər. Octavia RS modelinin dizel modifikasiyası əvvəlki kimi 184 at qüvvəli aqreqatla təchiz edilir.
Zahiri cəhətdən Şkoda Octavia RS modelləri adi restaylinq keçmiş adi avtomobillərlə eyni dəyişikliklərə məruz qalmışdır. Əsasən yenilənmə avtomobilin ön hissəsində baş vermişdir. RS modeli iki komponentli işıqdiodlarından olan fənərləri, başqa radiator barmaqlığını və hava girişlərinin yeni haşiyələndirməsini əldə etmişdir. Standart olaraq Şkoda Octavia RS modelləri 17-düymlük təkər diskləri ilə təchiz ediləcəkdir. Arzu edənlər opsional 18 və ya 19-düymlük təkər disklərini sifariş edə bilərlər. Əlavə ödənişlə alkantara ilə örtülmüş oturacaqları, 9,2-düymlük displeyi və Columbus naviqasiya sistemi, WLAN və LTE-modulu olan multimedia sistemini sifariş etmək olar.
Yenilənmiş RS modellərinin benzin mühərrikinin gücü 10 at qüvvəsi artırılmış və əvvəlki modelin top-variantı olan RS230 modifikasiyası ilə eyni olmuşdur. Bununla belə, mühərrikin fırlanma anı dəyişilməz qalmışdır – 350 Nm. Güc aqreqatı altı pilləli mexaniki və ya eyni diapazonlu DSG “robotu” ilə təchiz edilə bilər.
Liftbek kuzovlu Octavia RS modeli 100 km/saat sürətinə 6,7 saniyəyə çatır ki, bu da restaylinqdən əvvəlki modeldən 0,1 saniyə yeyindir. “Qaynar” liftbekin maksimal sürəti 250 km/saat təşkil edir. Avtomobil 100 kilometr məsafə qət etməyə ortalama 6,5 litr yanacaq sərf edir.
Şkoda Octavia RS modelinin dizel variantı əvvəl olduğu kimi, 184 at qüvvəsi və 380 Nm fırlanma anı olan 2,0-litrlik dizel aqreqatı ilə təklif ediləcəkdir. Avtomobil həm öndən, həm də tam çəkişli ola bilər. Birinci halda Octavia RS altı pilləli “mexanika”, ikinci halda isə DSG “robotu” ilə təchiz ediləcəkdir. Mühərrikin güc xarakteristikalarının dəyişmədiyinə baxmayaraq, yenilənmiş avtomoibilin 100 km/saata sürətlənməsi 0,2 saniyə yeyin olmuşdur. Xatırladaq ki, əvvəlki model bu işə 8,1 saniyə sərf edirdi. Dizel mühərrikli RS modelinin maksimal sürəti 232 km/saatdır. Orta yanacaq sərfiyyatı isə 100 kilometrə 4,5 litr təşkil edir.
Bundan başqa, Octavia RS modelinin təkər izi 30 millimetr genişlənmiş, arxa asması isə 15 millimetr azaldılmışdır. Yenilənmiş “qaynar” modellərin nə zaman satışa çıxarılacağı bildirilməmişdir.