Skoda yeni flaqman elektrik krossoveri Peaq-ın satışlarına start verib. Beş və ya yeddi yerlik salonla təklif olunan model markanın elektrik krossoverləri ailəsinin ən böyük nümayəndəsidir. Almaniyada onun başlanğıc qiyməti 50 min avrodan başlayır.
Peaq ilk dəfə dörd il əvvəl Vision 7S konsepti şəklində nümayiş etdirilmişdi. Seriya modeli isə Skoda-nın Modern Solid dizayn üslubunda hazırlanıb və ön hissədə Tech-Deck Face adlanan fərqli dizayn elementləri ilə seçilir. Marka tarixində ilk dəfə krossoverdə kuzova inteqrasiya olunmuş, gizli qapı tutacaqlarından istifadə edilib. Bu həll aerodinamik göstəricilərin yaxşılaşdırılmasına kömək edib: aerodinamik müqavimət əmsalı 0,249 təşkil edir.
Skoda Peaq-ın uzunluğu 4874, eni 1867, hündürlüyü isə 1664 millimetrdir. Təkər bazası 2965 millimetr, klirensi 184 millimetrdir. Beləliklə, Peaq Kodiaq modelindən 116 millimetr uzundur. Krossover üçün 19-dan 21 düymədək ölçülü təkər diskləri təklif olunur.
Modelin Sportline versiyası da təqdim edilib. O, iki rəngli kuzov, qara parlaq dekor elementləri, xüsusi idman oturacaqları və üçqollu sükanla fərqlənir.
Salon minimalist üslubda tərtib olunub. Sürücünün qarşısında ayrıca cihazlar paneli, mərkəzdə isə Android əsaslı multimedia sisteminin 13,6 düymlük şaquli ekranı yerləşir. Skoda modellərində ilk dəfə ekran bu formada quraşdırılıb.
İki səviyyəli mərkəzi konsolda fincan tutacaqları, 25 vatt gücündə Qi2 standartlı simsiz şarj meydançaları və əsas funksiyalar üçün fiziki idarəetmə elementləri nəzərdə tutulub.
Beşyerlik versiyada baqaj bölməsinin həcmi 935 litrdir, arxa oturacaqlar qatlandıqda isə 2150 litrə çatır. Ön hissədə əlavə 37 litrlik baqaj bölməsi, salonda isə müxtəlif saxlama yerləri ümumilikdə daha 33 litr həcm təmin edir. Əlavə Relax Package paketi ön oturacaqlara “sıfır cazibə” rejimi, ayaq dayaqları, havalandırma və masaj funksiyası əlavə edir.
Təchizat siyahısına 16 dinamikli Sonos audio sistemi və 2,1 kvadratmetr sahəyə malik, Skoda modelləri arasında ən böyük elektroxrom panoram dam da daxildir. Standart avadanlıqda on təhlükəsizlik yastığı var.
Əlavə ödənişlə Travel Assist 3.0 adaptiv kruiz-kontrol sistemi də sifariş edilə bilər. Skoda avtomobilin istehsalında 50 kiloqramdan çox təkrar emal olunmuş materialdan istifadə edildiyini bildirir.
Peaq MEB+ platformasında hazırlanıb və üç güc qurğusu ilə təklif olunur. Əsas versiyada arxa oxda yerləşən elektromotor 204 at gücü və 350 Nm fırlanma anı hasil edir.
63 kVt·saat tutumlu NMC batareyası 459 kilometrə qədər yürüş ehtiyatını təmin edir. 0-dan 100 km/saata sürətlənmə 8,4 saniyə, maksimal sürət isə 160 km/saatdır. DC şarj gücü 160 kVt-a çatır.
Daha böyük 91 kVt·saatlıq batareya ilə təchiz edilən arxaötürməli versiya 286 at gücü və 545 Nm-ə malikdir. Bu modifikasiya 100 km/saata 7,1 saniyəyə sürətlənir, maksimal sürəti 180 km/saatdır. Yürüş ehtiyatı 647 kilometrə, şarj gücü isə 199 kVt-a çatır.
Tamötürməli flaqman versiyasında iki elektromotorun ümumi hasilatı 299 at gücüdür. Bu model 100 km/saata 6,7 saniyəyə sürətlənir. 91 kVt·saatlıq batareya ilə yürüş ehtiyatı 613 kilometr təşkil edir.
Almaniyada Skoda Peaq-ın qiyməti 57 990 avrodan başlayır. Sportline versiyası üçün əlavə 4 800 avro ödəmək lazımdır. Yeddi yerlik salon üçün isə əlavə 990 avro tələb edilir.
Skoda Peaq 90 yürüş ehtiyatı ilə bağlı rekord nəticə də göstərib. TÜV SÜD təşkilatının nəzarəti altında keçirilən sınaq zamanı yeddi yerlik elektrik krossoveri Çexiyanın Mlada-Boleslav şəhərindən Niderlandın Zandvoort şəhərinə qədər 936 kilometr məsafəni bir dəfə də şarj etmədən qət edib. Avtomobil standart 91 kilovat-saatlıq batareya ilə hərəkət edib, orta enerji sərfiyyatı isə 100 kilometrə cəmi 9,2 kilovat-saat təşkil edib.
Beləliklə, Peaq 90 WLTP dövrü üzrə bəyan edilmiş 647 kilometrlik yürüş ehtiyatını təxminən 45 faiz üstələyib. Bununla belə, rekord nəticə maksimal qənaətə yönəlmiş sürüş şəraitində əldə olunub və gündəlik ailə istifadəsində gözlənilən yürüş ehtiyatı kimi qəbul edilməməlidir.
@ 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









