Skoda şirkəti MEB platformasında inşa edilən ilk modeli - Enyaq iV elektrik krossoverini təqdim edib. Krossover müxtəlif gücə malik olan beş elektrik mühərrikinə, arxa və ya tam ötürməyə, eləcə də 500 kilometrə qədər yürüş edə biləcək uzun mənzilli versiyaya sahibdir.
Volkswagen şirkətinin MEB elektrik platformasında inşa edilmiş Skoda elektrokarının uzunluğu 4648 millimetr, eni - 1877 millimetr, hündürlüyü isə 1618 millimetr təşkil edir. Elektrokarın təkər bazası 2765 millimetrdir. Baqajın həcmi - 585 litr, yedəyə götürülən qoşqunun maksimum çəkisi 1200 kiloqramdır. Skoda şirkəti Enyaq iV modelinin aerodinamik müqavimət əmsalının 0,27 olduğunu bildirib. Müqayisə üçün, Kodiaq modelində bu əmsal 0,33, Tesla Model X elektrokarında isə 0,25-dir.
Skoda Enyaq iV beş versiyada satışa çıxarılacaqdır. Model xəttini açan Enyaq iV 50 modeli 55 kilovat-saatlıq batareya və 148 at qüvvəli (220 Nm) elektrik mühərriki ilə təchiz edilir və 340 kilometrlik yürüş ehtiyatına malikdır. Enyaq iV 60 indeksi olan krossover 179 at qüvvəli (310 Nm) mühərrik və 62 kilovat-saatlıq batareya ilə təchiz edilir və 390 kilometr yürüş ehtiyatına malikdir. Arxa çəkişli iV 80 modeli ən uzun mənzilli elektrokardır: 82 kilovat-saatlıq batareya və 204 at qüvvəli (310 Nm) elektrik mühərriki ilə təchiz edilmiş elektrokar 510 kilometrə qədər yürüş edəcəkdir.
Enyaq iV modeli tam ötürməli iki versiyaya sahib olacaqdır: 80X və vRS. Hər iki versiya 82 kilovat-saatlıq batareya və müvafiq olaraq 265 (425 Nm) və 306 at qüvvəli (460 Nm) iki elektrik mühərrikini alacaqdır. "Bərkgedən" vRS versiyası 100 km/saat həddinə 6,2 saniyəyə sürətlənəcək və 180 km/saat maksimal sürətə malik olacaqdır. Həm Enyaq iV 80X, həm də vRS, cərəyan yükləmədən 460 kilometr (WLTP) məsafə qət edəcəkdirlər. Ən güclü vRS versiyası 1,4 ton ağırlığında qoşqunu yedəyə ala bilər.
Krossoveri 2.3 kilovat gücündə ev rozetkasından, divar quraşdırılmış 11 kilovatlıq cihazdan və 50 kilovatlıq ictimai terminaldan və ya birbaşa cərəyanı 125 kilovata qədər olan yüksək sürətli terminaldan doldurmaq olar. Sonuncu halda batareyanın 10 ilə 80 faiz arasında doldurmasına 40 dəqiqə vaxt gərəkdir.
Elektrokrossover virtual cihazlar paneli və genişlənmiş reallıq texnologiyasına malik olan proyeksiya displeyi ilə təchiz edilir. Enyaq iV modelinin əyləncə-məlumat kompleksi 13-düymlük displey və transmissiyanın kiçik selektorunun yaxınlığında yerləşdirilmiş taçpada sahibdir.
Bundan əlavə, elektrokar ənənəvi düymələrin köməkliyi ilə idarə edilən çoxfunksiyalı ikiqollu sükan çarxına və iqlimə nəzarət sistemi ilə təchiz edilir. Çex avtomobil istehsalçısı, Enyaq iV modelinin ön panelinin altında smartfonların simsiz doldurulması üçün nəzərdə tutulmuş platformanı yerləşdirib. Bundan başqa, ön panel boyunca və qapı kartlarında ətraf işıqlandırmasının elementlərini quraşdırılıb.
Avtomobilin daxili hissəsinin tərtibatında ekoloji cəhətdən təmiz materiallardan istifadə olunur. Enyaq iV modelinin salonu zeytun rəngli dəri və təkrar emal edilmiş plastik şüşələrdən hazırlanmış materiallar ilə üzlənmişdir. Çex markasının bütün modellərində olduğu kimi, Enyaq krossoveri də müxtəlif xırda əşyaların saxlamaq üçün çox sayda bölmələrlə təchiz edilir.
Avtomobilin ön və arxa optikası bütün təchizat səviyyələrində işıqdiodlarından hazırlanıbdır. Əlavə ödəniş ilə matrisa fənərlərini sifariş etmək də olar. Fənərlərin hər birində fərdi şəkildə nəzarət olunun 24 işıqdiodundan ibarət olan uzaq işıq modulu vardır. Bu, sonuncu Golf modelinin IQ.Light sistemində olduğundan iki dəfə çoxdur. Belə fənərlər ön kameraların göstəricilərinə əsasən idarə olunur və təkcə yaxınlaşan sürücülərin gözünün qamaşdırılmasının qarşısını almır, həm də işığı yaxşı əks etdirən səthlərin bərq vurmasını azaldır.
Öndən toqquşmanın qarşısını alan sistemlə birlikdə, zərbədən əvvəl, təcili əyləc zamanı təhlükəsizlik kəmərlərini dartan, şüşələri və açılan panoram tavanı bağlayan və eyni zamanda avtomobilin aşma riski olduqda bənzər hazırlıqları aparan Proaktiv Crew Protect Assist sistemi də, yeni Enyaq iV krossoverində quraşdırılır. Avtomatik əyləcləmə funksiyası, yol kəsişməsində dönən zaman qarşıdan gələn nəqliyyat vasitəsi yaxınlaşdıqda belə işə düşə bilər.
Skoda Enyaq iV modelinin elektron yardımçıları siyahısına qəfildən qarşıya çıxan maneədən qaçarkən manevr etməyə kömək edən manevr köməkçisi də əlavə edilib. Travel Assist avtopilotu məlumat serverindən gələn məlumata əsaslanaraq, avtomobili zolaqda idarə edir.
Avtoparkçı, salonda adam olmadan paralel və perpendikulyar parkinqi həyata keçirir (smartfondan başlayır), üstəlik, piyadalar və ya başqa maneələr ilə qarşılaşdıqda sərbəst şəkildə avtomobili dayandıra bilir. Eyni zamanda,ən çətin yerlərdə park edilmə yolunu yadda saxlayaraq (sürücü tərəfindən həyata keçirilən zaman) və sonra yaddaşdan istifadə edərək bu yolu təkrarlayır.
Enyaq modelinin ən sadə təchizat səviyyəsi belə, kifayət qədər zəngin avadanlığı ilə öyünə bilər. Belə modifikasiya iki zonalı klimat-kontrol, dəri ilə üzlənmiş çoxfunksiyalı sükan, SmartLink texnologiyasına malik olan Modular Infotainment Matrix multimedia sistemi, rəqəmsal DAB radiosu, 50 kilovat gücündə sürətli yükləmə portu, 5,3-düymlük rəqəmsal cihazlar paneli ilə təchiz edilir.
Növbəti təchizat səviyyəsində yuxarıda sadalananlara arxa görüntü kamerası və parktronikin sensorları, qızdırılan sükan, 100 kilovatlıq yükləmə portu (top versiyada 125 kilovat) əlavə olunur. Bəzi versiyalarda sükanltı dəstəklər də əlavə edilib - onların köməyi ilə əyləcləmə zamanı enerjinin bərpa səviyyəsini tənzimləmək mümkündür.
Avtomobilin bir sıra funksiyalarını jestlərin köməkliyi ilə idarə etmək mümkündür. Bundan başqa, Enyaq iV modelinin avadanlıq siyahısında Laura səs köməkçisi, simsiz Android Auto, Apple CarPlay, MirrorLink interfeyslərinin dəstəklənməsi, quraşdırılmış SİM-kart, smartfon vasitəsi məsafədən nəzarət funkisyaları da vardır.
Skoda avtomobillərinin tanınan elementlərindən olan Simply Clever ağıllı əşyalar dəstinin tərkibinə ön qapılardakı çətirlər və ikinci sıradakı yuxu üçün dəst, arxa yan qapılardakı çəkilən jaluzilər və yükləmə kabelinin təmizlənməsi sistemi, virtual pedalı olan elektrik ötürməli beşinci qapı və ön oturacaqların arxa hissəsindəki masalar, iki USB-C portu və 230 voltluq rozetka çıxış daxildir. Baqaj bölümündə hündürlüyü tənzimlənən döşəmə və yüklər üçün torlar quraşdırılıb.
Skoda Enyaq iV modeli ilkin olaraq, 2021-ci ildə Avropa bazarında satışa çıxarılacaqdır. Founder's Edition adlandırılmış salamlama nəşri gələn ilin baharında 1.895 nüsxəlik tirajla (şirkətin yarandığı il) buraxılacaqdır. Belə krossoverlər işıqlanan Crystal Face radiator barmaqlığına, sahibi yaxınlaşdıqda salamlama və ya avtomobil bağlandıqdan sonra vidalaşma animasiyaları göstərən funksiyaya malik olacaqdır.
Eyni işıqlanan radiator barmaqlığı vRS iV modifikasiyası üçün standart, 80 iV və 80x iV versiyaları üçün isə opsiya olacaqdır. Founder's Edition modeli həmçinin ecoSuite Design Selection dərisi ilə üzlənmiş salona və 21-düymlük təkər disklərinə malik olacaqdır. Skoda Enyaq iV modelinin Azərbaycanda satılma perspektivləri haqqında hələlik nə isə söyləmək mümkün deyil. Belə avtomobillərin populyarlaşmasına mane olan amillər yüksək gömrük rüsumları və müvafiq infrastrukturun olmamasıdır.