Bu günlərdə yeni avtomobillərin ovuna çıxmış paparazzilər kamuflyajlı Skoda Kodiaq krossoverinə rast gəliblər. Bu, avtomobilin planlaşdırılmış yenilənməsindən xəbər verir. Kuzovdakı emblemlər və təkər disklərinin dizaynı kamuflyaj altındakı krossoverin Sportline versiyasında olduğuna işarə edir.
Kamuflyaj örtükləri olan sahələrə nəzər salsaq, avtomobildə baş vermiş dəyişiklikləri söyləmək mümkündür. Yenilənmiş krossover ön LED matrisa fənərlərinə, yeni bamperlərə, yeni radiator barmaqlığı və dinamik dönmə işıqları olan arxa fənərlərə sahib olub.
Təsdiq edilməmiş məlumata görə, 2020-ci model ilinin Skoda Kodiaq modeli yeni mühərriklə də təchiz ediləcəkdir. Bu aqreqat Volkswagen şirkətinin 2,0-litrlik TDI Evo turbodizelidir. Bənzər mühərrik ilə VW Passat modeli də təchiz edilir. Yeri gəlmişkən, restaylinq keçmiş Skoda Kodiaq krossoverinin mühərrik çeşidinə Passat GTE modelinin qoşulan hibrid güc qurğusu da daxil ediləcəkdir. 218 at qüvvəsi hasil edən hibrid qurğunun tərkibinə 1,4-litrlik benzin mühərriki və elektomotor daxildir. Elektrik ötürməsi ilə avtomobil 55 km qədər məsafə qət edir.
Skoda şirkəti yenilənmiş Kodiaq modelini növbəti nəsil Octavia modeli ilə birlikdə sentyabrda keçiriləcək Frankfurt avtosalonunda nümayiş etdirə bilər. Yenilənmiş krossoverin debütünün Cenevrə avtosalonuna saxlanacağı da istisna olunmur.