Şkoda marketoloqlarının Kodiaq krossoveri ətrafında yaratdıqları hay-küyə baxdıqca atalarımızın gözəl deyimi yadıma düşür - "hər şeyin artığı ziyandır". Ayda bir dəfə yeni modelin kamuflyaj edilmiş prototipini fotocəsusların önünə ataraq model ətrafında səs-küy yaradan Şkoda marketoqları, nəhayət ki, avtomobil haqqında müəyyən məlumat veriblər.
Allaha çox şükürlər olsun ki, bu mənasız işlərin sonuna az qalıb - Çexiya istehsalçısı artıq avqust ayında Şkoda Kodiaq krossoverini rəsmi olaraq təqdim edəcəyini bildirib. Bundan başqa, yeni avtomobil barədə bir balaca məlumat da mətbuata ötürülüb. Beləliklə, yeni çex krossoveri beş mühərrik, opsional tam çəkiş sistemi və yeddi yerlik salonla təklif ediləcəkdir.
Öz növbəsində Çexiya istehsalçısı "Autocar" dərgisinin jurnalistlərini yeni krossoverin test yürüşlərinə dəvət etmişdir. Yeni krossover MQB modul platformasında istehsal ediləcəkdir. Kodiaq modelinin mühərrik çeşidinə 125 və 150 at qüvvəsi gücü olan 1,4-litrlik və 180 at qüvvəli 2,0-litrlik benzin turbomühərrikləri daxil olacaqdır.
Dizel güc aqreqatları 150 və 190 at qüvvəsi olan 2,0-litrlik dizel mühərrikləri ilə təmsil olunacaqdırlar. Bütün güc aqreqatları altı pilləli mexaniki və ya altı diapazonlu iki muftalı robotlaşdırılmış DSG qutusu ilə komplektləşdirilə bilərlər. Sonradan krossover hibrid güc aqreqatı ilə də təklif ediləcəkdir.
Satndart olaraq ,Şkoda Kodiaq krossoveri öndən çəkişli və beş yerlik salonla təklif ediləcəkdir. Yeddi yerlik variantın baqaj bölməsinin həcmi üçüncü cərgənin qatlanmaması halında 270 litr təşkil edəcəkdir. Krossover həmçinin, üç iş rejimi - Normal, Comfort və Sport, - olan Dynamic Chassis Control adaptiv asqı sistemini əldə edəcəkdir.
Tam çəkşıi variant isə, əlavə olaraq mühərrikin, ABS və stabilizasiya sisteminin tənzimləmələrini dəyişən və yolsuzluq şəraiti üçün nəzərdə tutlmuş rejim ilə də təchiz ediləcəkdir.
Yeni Şkoda Kodiaq krossoverinin kütləvi nümayişi payızda keçiriləcək Paris avtosalonunda baş tutmalıdır.