Skoda şirkəti Kodiaq krossoverinin “qaynar” RS modifikasiyasının yeni tizerlrəini dərc edib. Bu dəfə çex istehsalçısı "qaynar" krossoverin kuzov elementlərini nümayiş etdirib.
“Qaynar” krossoverin kuzovu bu model ilə birlikdə debüt edəcək opsional mavi Race Blue rənginə boyanmışdır. Dərc edilmiş tizerlərdən də göründüyü kimi, Kodiaq RS modeli standart olaraq 20-düymlük təkər diskləri və 17-düymlük güclü əyləc mexanizmləri ilə təchiz ediləcəkdir.
Bundan başqa, tizerlərdə yeni loqotipi də görmək olar. İstehsalçının sözlərinə görə, yeni loqotip «RS ailəsinin gücü və idman xarakterini» nümayiş etdirir. Skoda Kodiaq RS modeli 239 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən iki turbokompressorlu 2,0-litrlik dizel mühərriki ilə hərəkətə gələcəkdir. Güc aqreqatı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.
İlkin məlumata görə, «qaynar» krossover 100 km/saat həddini 6,5 saniyəyə toplayacaqdır. İyun ayında Sabina Şmitsin idarə etdiyi Skoda Kodiaq RS modeli yeddi yerli krossoverlər üçün Nürburqrinqin yeni rekorduna imza atıb. Krossover treki 9 dəqiqə 29,84 saniyəyə qət edib.