Şkoda şirkəti mart ayında keçiriləcək Cenevrə avtosalonunda Octavia modelinin ən güclü variantını təqdim edəcəkdir. Şkoda Octavia RS 245 bərkgedən modeli həm liftbek, həm də universal tipli kuzovlarla təklif ediləcəkdir.

Yenilənmiş Octavia RS modelinin bazasında hazırlanmış RS 245 modifikasiyası 245 at qüvvəli 2,0-litrlik dörd silindrli turbomühərriklə təchiz edilmişdir. Bu o deməkdir ki, çex istehsalçısının «qaynar» modeli heç də Volkswagen Golf GTI Performance modelindən geri qalmır.  Eyni zamanda, RS 230 modelindən 15 at qüvvəsi güclü olan yeni RS 245 modifkasiyası əlavə 20 Nm fırlanma anına da sahib olmuşdur.

Beləliklə, Octavia RS 245 modelinin kapotu altında yerləşmiş 2,0-litrlik turbomühərrikinin fırlanma anı 370 Nm-ə qədər artırılmışdır.

Təkmilləşdirilmiş güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə yanaşı, yeddi diapazonlu iki muftalı robotlaşdırılmış DSG qutusu ilə də təklif ediləcəkdir. Liftbek kuzovlu Şkoda Octavia RS 245 modeli 100 km/saat həddinə sürətlənməyə 6.6 saniyə vaxt sərf edəcəkdir. Bir qədər artıq çəkiyə malik olan universal kuzovlu avtomobilə isə, bu həddə çatmağa 6.7 saniyə tələb olunur. Hər iki modelin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılmışdır.

Şkoda Octavia RS 245 modeli standart təchizatına elektronika ilə idarələnən yüksək sürtünməli differensial daxil olacaqdır ki, bu da onu RS 230 modifikasiyasından fərqləndirən elementlərdən biri olacaqdır. Eyni zamanda, Ocatvia RS 245 modeli 14 millimetr azaldılmış klirensə və 38 millimetr genişləndirilmiş arxa təkər izinə malik olacaqdır. Zahiri cəhətədən RS 230 modeli ilə RS 245 variantı arasında çox cüzi fərqlər vardır: bunlar qara rəngli parlaq eksteryer elementləri, 19-düymlük xüsusi təkər diskləri və salondakı dekorativ işləmərdir. 

Şkoda Octavia RS 245 modeli Cenevrə avtosalonunda Kodiaq Scout və Sportline modelləri ilə birlikdə sərgilənəcəkdir.