Çexi brendi özünün model çeşidində Enyaq modelindən bir pillə aşağıda yerləşəcək yeni yığcam krossoverə həsr olunmuş marketinq kampaniyasını davam etdirir. Bu dəfə Skoda yeniliyin interyeri haqqında məlumat verib, bəzi detalları açıqlayıb və iki dizayn eskizini nümayiş etdirib. Elroq modelinin interyeri ümumiyyətlə Enyaq krossoverinin tərtibatını təkrarlayır, lakin bəzi fərqli xüsusiyyətlərə malikdir.
Eskizlərdə multimedia sisteminin Elroq modelin standart təchizatına daxil olacaq 13-düymlük displeyini görmək mümkündür. Cihazlar paneli rəqəmsaldır, lakin Enyaq modelindəki kimi kiçik ölçülərə malikdir – onun diaqonalı cəmi 5,3 düymdür. Displeyin günəşliyi düz olsa da, “böyük” krossoverdə əyri formalıdır. Başqa bir açıq-aşkar fərq – mərkəzi tuneldəki dirsəkaltıdakı qutunun tərtibatıdır. Mərkəzi tunel də ümumilikdə Enyaq modelindəkinə oxşardır.
Oturacaqlar və üzlüklər təkrar emal edilmiş plastik butulkalardan, balıq torlarından və geyimlərdən (Skoda üçün bir ilkdir) hazırlanır. Dörd dizayn variantından birini seçmək mümkün olacaq: Studio, Loft, Lodge və Suite. Onların hər birində müxtəlif ekoloji materiallardan istifadə edilir.
Skoda Elroq yenilənmiş Modern solid firma üslubunu alan ilk model olacaq. Onun əsas cəhətləri radiator barmaqlığının yerinə quraşdırılan Tech Deck Face qapağı, standart LED optika və elektron köməkçilərin geniş çeşidi olacaq. Krossover, Enyaq kimi, Volkswagen şirkətinin MEB modul platformasına əsaslanacaq.
Yenilik arxa və ya ön ötürmə ilə təklif olunacaq. Gücü 170 - 299 at qüvvəsi arasında olan dörd elektrik mühərriki təklif ediləcək. Üç batareya var - 55, 63 və 82 kilovat-saat. Onların ən böyüyü ilə Elroq batareyanı doldurmadan 560 kilometrə qədər məsafə qət edəcək.
Elektrik krossoverinin premyerası ilin sonuna qədər baş tutmalıdır. Gələn il isə Skoda hələlik konsept-kar statusunda debüt etmiş daha sadə Epiq modelini buraxacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.