Bildiyimiz kimi, Şkoda şirkəti yaxın vaxtlarda Cenevrə avtosalonunda nümayiş etdirdiyi VisionS konseptinin seriya variantı olacaq yeddi yerli krossoveri təqdim edəcəyi barədə məlumatı təsdiq etmişdi. Lakin, Çexiya şirkəti avtomobilin dəqiq adını açıqlamamışdır - onun gah «Kodiak», gah da «Kodiaq» olacağı söylənilirdi. Bu gün çexiyalı istehsalçı bu məsələyə aydınlıq gətirərək mübahisələrə son qoymuşdur. Yeni krossover Kodiaq adlanacaqdır. Xatırladaq ki, Kodiak Şimali Amerikada yaşayan boz ayılarda bir növünün adıdır.
Rəsmi təsdiqini tapmasa da, yeni avtomobilin qabarit uzunluğunun 4700 millimetr, eninin - 1910 millimetr, hündürlüyünün isə 1680 millimetr olacağı söylənilir.
Beləliklə, Şkodanın yeni krossoveri eyni platformaya sahib olduğu Volkswagen Tiguan (4,49 metr) və Seat Ateca (4,36 metr) modellərindən uzun olacaqdır. Yeni krossover altı sərniçinin rahatlıqla əyləşəcəyi üç cərgəli oturacaqlara malik olacaqdır
Yeni krossover yuxarıda adını çəkdiyimiz Tiguan və Ateca krossoverlərindən tanış olan 113 at qüvvəsi gücü olan 1,0-litrlik üçsilindirli, 150 at qüvvəli 1,4-litrlik dördsilindirli və 177 at qüvvəsi gücü olan 1,8 və yaxud 2,0-litrlik benzin turbomühərrikləri ilə təchiz edilə bilər.
Krossoverin dizel variantlarının gücü 116, 150 və 190 at qüvvəsi olan 1,6 və 2,0-litrlik dizel güc aqreqatları ilə də təchiz ediləcəyi ehtimalı mövcuddur.
Çox güman ki, mexaniki sürətlər qutusuna alternativ olaraq yeddi diapazonlu robotlaşdırılmış DSG sürətlər qutusu təklif ediləcəkdir.
Şkoda şirkətindən verilən məlumata əsasən, yeni krossoverin təqdimatı yayda keçirilməlidir. Onun kütləvi nümayişi isə payızda keçiriləcək Paris avtosalonunda baş tutacaqdır.