Bu gün Çinin Şençjen şəhərində keçirilən avtosalonunda Skoda şirkəti Vision GT adlı konsepti nümayiş etdirib. İnanıram ki, bir çoxlarınız bu avtosalonun adını birinci dəfədir ki eşidir. Bu hadisə, eyni zamanda, çin bazarının avtomobil istehsalçıları üçün günü-gündən artan əhəmiyyətindən xəbər verir.
MQB modul platformasında inşa edilmiş konsept Çində satılan Skoda Kamiq modelinin idman versiyasının carçısıdır. Konsept adi Kamiq modelindən maili tavan xətti, Scala hetçbekinin üslubunda dizayn edilmiş ön hissəsi və 20-düymlük təkər diskləri ilə seçilir. Konsept həmçinin dekorativ diffuzora və kuzovun ümumi rəngindən seçilən dam rənginə malikdir. Konseptin texniki hissəsi barədə məlumat verilməyib.