Şkoda şirkəti Rapid liftbekinin bazasında yaradılmış Atero adlı konseptual kupeni təqdim etmişdir. Konseptual avtomobilin hazırlanması üzərində çex istehsalçısının zavodunda təcrübə keçən 27 tələbədən ibarət kollektiv işləmişdir. Konseptin yaradılması üçün 1300 saat vaxt tələb olunmuşdur ki, buna baxmayaraq, layihə hələ də tamamlanmamışdır. Hal-hazırda avtomobilin qapıları və şüşələri quraşdırılmamışdır. Şkoda Atero modeli üçün arxa qapıları olmayan kuzov və havalandırmalı kapot hazırlanmışdır.
Avtomobilin kuzovu qırmızı aksentləri olan qara rəngə boyadılmışdır. Bundan əlavə, avtomobilin baqaj qapağının üzərinə spoyler bərkidilmiş, arxa diffuzor və şüşə tavan quraşdırılmışdır. Prototip həmçinin, 1800 vatt gücü olan audisistemlə də təchiz edilmişdir. Bu səs sisteminin tərkibinə 14 dinamik, gücləndiricilər və baqajda quraşdırılmış sabvufer daxildir. Şkoda Atero kupesi 125 at qüvvəsi gücü olan 1.4-litrlik turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birlikdə çalışır. Avtomobil 100 km/saat həddinə doqquz saniyəyə sürətlənir.
Qeyd etmək lazımdır ki, bu layihə Şkoda şirkətinin Texniki peşə məktəbinin tələbələri tərəfindən hazırlanmış ilk layihə deyildir. 2014-cü ildə onlar CitiJet rodsterini, 2015-ci ildə isə Fabia hetçbekinin bazasında hazırlanmış FUNstar pikapı təqdim etmişdilər.