Skoda şirkəti artıq çoxdandır ki, Avropa bazarında sedanları təklif etmir. İndi isə, belə bir kuzova malik olan avtomobil Hindistanda debüt edib. Burada Slavia sedanı Rapid modelini əvəzləyəcəkdir. Üstəlik, lokal Rapid modeli liftbek deyil, üzü dəyişdirilmiş Polo sedanıdır. Yeni modelin adı çex markasının zəngin irsindən götürülüb, belə ki, markanın əsasını qoyan Vatslav Laurin və Vatslav Klement öz bizneslərini velosipedlərin istehsalı ilə başlayıblar. Velosipedlərin satışı üçün tərəfdaşlar 1986-cı ildə Slavia markasını təsis etmişdilər.

Skoda Slavia modeli ilə Volkswagen konserni India 2.0 planının ikinci mərhələsinə başlayıb ki, bu planın da əsas məqsədi Skoda və Volkswagen markalarının regiondakı mövqelərini ciddi şəkildə gücləndirməkdir. Bu strategiyanın ilk mərhələsi Volkswagen Taigun/Skoda Kushaq əkizlərinin buraxılması olub, indi isə növbə nisbətən ucuz sedanlara gəlib çatıb.

Əslində Skoda Slavia sıfırdan yaradılan model deyil, faktiki olaraq 2017-ci ilin Volkswagen Virtus modelinin yenidən işlənmiş və təkmilləşdirilmiş versiyasıdır. Kuzov eyni olsa da, çex markasının dizaynerləri ön və arxa tərəfin dizaynını dəyişiblər, bunda görə də, ön tərəfdən Slavia yeni Fabia modelinə bənzəyir. Arxa fənərlər işıqdiodlarından hazırlanır, əlavə ödənişlə ön LED fənərləri (standart olaraq hallogenlər quraşdırılır) sifariş etmək olar. Sedan 15 və 16 düymlük təkər diskləri ilə təchiz edilir.

Slavia modeli Rapid sedanından nəzərəçarpacaq dərəcədə iridir və hətta, bəzi parametrlərə görə ilk nəsil Octavia (A4) modelini belə üstələyir. Yeni Skoda Slavia modelinin uzunluğu 4541 millimetr, eni – 1752 millimetr, hündürlüyü isə 1487 millimetrdir. Çex və alman modellərinin təkər bazasının ölçüsü eynidir – 2651 millimetr, lakin yeni kuzov dəsti sayəsində Slavia Virtus modelindən 59 millimetr uzundur. Baqaj bölümünün həcmi 521 litrdir, lakin çex markasına xas olan qarmaq və orqanayzerlər təklif olunmurlar.

Skoda Slavia modelinin interyeri də özünəməxsusdur və demək olar ki, Fabia modelinin interyerinə bənzəyir. Sedanın baza versiyası analoq cihazlar paneli, adi kondisioner, multimedia sisteminin yeddi düymlük ekranı və iki təhlükəsizlik yastığı ilə təchiz olunur. Əlavə ödəniş qarşılığında yan hava yastıqları və təhlükəsizlik pərdələrini, səkkiz düymlük virtual cihazlar panelini, doqquz düymlük displeyi və naviqatoru olan multimedia sistemini, arxa görüntü kamerasını, sensorlu pultu olan klimat-kontrolu, lyuk və havalandırmaslı ön oturacaqları sifariş etmək olar.

Çex sedanı, xüsusi olaraq Hindistan üçün uyğunlaşdırılmış və sadələşdirilmiş MQB-A0-N platformasına əsaslanır. Modelin mühərrik çeşidinə 115 at qüvvəli 1,0 TSI və 150 at qüvvəli 1,5 TSI benzin turbomühərrikləri daxil edilib. Baza aqreqatı sayılan üçsilindrli turbomühərrik mexnaiki ötürmələr qutusu və ya 6-pilləli “avtomat”, dördsilindrli mühərriki isə, mexaniki transmissiya və ya 7-pilləli “robot” ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Skoda Slavia sedanı Hindistanda buraxılacaqdır, üstəlik, burada Volkswagen Virtus sedanının yerli tələblərə adaptasiya edilmiş versiyası da debüt edəcəkdir. India 2.0 strategiyası lokallaşdırma səviyyəsinin 95 faizə çatdırılmasını nəzərdə tutur, odur ki, yeni modellər üçün mühərriklər də Hindistanda istehsal edirlər. Slavia modelinin satışlarına 2022-ci ilin birinci rübündə başlanmalıdır. Sedan təkcə Hindistanda satılmayacaqdır - konsern rəhbərliyi onun digər bazarlarda da debüt edəcəyini təsdiqləyib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.