Yeni nəsil Skoda Superb modelinin modifikasiya çeşidinə idman görünüşlü Sportline versiyası əlavə edilib. Belə variantlar çex markasının modelləri üçün çoxdan ənənəvi hala gəliblər (ilk dəfə belə bir versiya 90-cı illərin əvvəllərində Skoda Favorit hetçbekində peyda olub) və onlar əhəmiyyətli texniki təkmilləşdirmələr təklif etmirlər, lakin genişlənmiş avadanlıq siyahısı və dekorasiya ilə öyünə bilərlər.
Bu sahədə yenilik baş verməyib, çünki Superb Sportline modifikasiyasının əsas xüsusiyyəti bol qara dekorasiyadır – belə tərtibatdan radiator barmaqlığı, yan güzgülərin korpusları, moldinqlər, baqaj reylinqləri və bamper örtükləri üçün istifadə edilir. Artıq belə Superb modelləri “bazada” matrisa faraları və açarsız giriş sistemi ilə təchiz edilirlər. Obrazı qara rəngli 18-düymlük təkər diskləri tamamlayır. Bununla belə, əlavə ödəniş müqabilində iki variantda dizayna malik olan 20-düymlük diskləri də sifariş etmək mümükündür. Görünüşü ön qanadlar və beşinci qapıdakı Sportline emblemləri tamamlayır.
Salonda da idman cizgiləri var. Burada inteqrasiya edilmiş baş dayaqları olan çıxıntılı ön oturacaqlar quraşdırılıb. Onlar standart olaraq elektrik tənzimləmələri, qızdırılma və masaj funksiyası, habelə zamşadan üzlük ilə təchiz ediliblər. Havalandırılan, dəri və süni dəri birləşməsindən üzlükləri, həmçinin AGR (onurğa sütunu zədələrinin qarşısının alınmasını öyrənən alman təşkilatı) erqonomik sertifikatı olan təkmilləşdirilmiş oturacaqlar isə, opsional avadanlıqdırlar.
İnteryerin idman ab-havası həmçinin Sportline loqotipi olan üçqollu sükan çarxı, “karbonplastikdən” dekorasiya, polad örtüklü pedallar, qara tavan və genişləndirilmiş effektləri olan kontur işıqlandırması ilə vurğulanır. Eyni zamanda, Skoda Superb modelinin müstəsna praktikliyini qoruyub saxlandığı vurğulanır: liftbəkin baqajının həcmi 645 litr, universalın isə, 690 litrdir.
Əsas texniki yenilik, klirensi 15 millimetr azaldılmış asqıdır. Əlavə ödəniş müqabilində müxtəlif idarəetmə rejimləri olan DCC Sport adaptiv amortizatorlar təklif olunur. Sportline versiyasını təkrar doldurulan hibrid istisna olmaqla, hazırda Superb modelinin mühərrik çeşidindəki bütün güc aqreqatları ilə sifariş etmək olar. Bunlar 1,5 eTSI (150 at qüvvəsi, 250 Nm) və 2,0 TSI (265 at qüvvəsi) olan benzin turbomühərrikləri, həmçinin 2,0 TDI turbodizeldir (150 və ya 193 at qüvvəsi). Bütün sadalanan versiyalarda iki muftalı yeddi pilləli DSG “robotu” quraşdırılır.
Yeni Skoda Superb Sportline Avropa bazarına payızda çıxacaq. İndi Almaniyada Superb modelinin baza versiyasının qiyməti 38,900 avrodan başlayır, lakin zəngin Laurin & Klement versiyası üçün ən azı 49,200 avro tələb olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.