Elroq modelinin buraxılacağı barədə məlumat ilk dəfə yayın ortalarında peyda olub. O zaman onun sırf elektrokar olacağı və Volkswagen tərəfindən hazırlanmış MEB platformasına əsaslanacağı bildirilmişdi. Bir və ya iki mühərrikli dörd güc qurğusu təklif ediləcək, mühərriklərin güc diapazonu isə, 170-dən 299 at qüvvəsi arasında olacaq. Elroq 50 baza versiyası 52 kilovat/saatlıq batareya və arxa oxa quraşdırılmış 170 at qüvvəli elektrik mühərriki ilə təchiz ediləcək.
Bir pillə yuxarıda, 60 indeksli versiya yerləşəcək – belə model 55 kilovat/saatlıq batareyaya və 204 at qüvvəli elektrik mühərrikinə malik olacaq. Nəhayət, top Elroq 85 və Elroq 85x versiyaları 82 kilovat/saatlıq batareyaya və müvafiq olaraq 286 və 299 at qüvvəli ikimühərrikli güc qurğularını alacaq. Yürüş ehtiyatı 560 kilometrdir, DC şarj cihazı ilə batareyanın 10 faizdən 80 faizə qədər doldurulmasına 28 dəqiqə tələb olunur.
Skoda Elroq modelinin rəqabət üstünlükləri arasında artıq standart təchizata daxil edilmiş LED işıq texnikası və geniş çeşidli elektron köməkçilər var. Krossoverin təqdimatı bu ilin sonuna qədər baş tutmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.