İkinci nəsil Kodiaq modelinin eksteryer dizaynı iki dizayner eskizində açıqlanıb ki, bu da yeni krossoverin dizaynı haqqında mühakimə yürütməyə imkan verir. Skoda avtomobilin dizaynının təkcə praktikliyi vurğulamadığını, həm də modelin aerodinamikasını yaxşılaşdırdığını bildirib. Bundan başqa, istehsalçı təqdimatına bir həftə qalmış yeni krossoverin təchizatı haqqında bəzi detalları açıqlayıb.
Skoda dizaynerləri yeni nəsil Kodiaq modelinin xarici görünüşünə funksionallığın forma üzərində üstünlüyü prinsipinə əsaslanan yeni Modern Solid ("müasir və etibarlı" kimi tərcümə oluna bilər) dizayn üslubunun ilk elementlərini daxil ediblər. Krossoverin ölçülərinin artacağı və əvvəlki kimi beş və ya yeddi oturacaqlı konfiqurasiyada təklif edilən salonda daha çox yerin olacağı bildirilib.
Kodiaq çıxıntılı kapota, daha böyük bamperlərə, ölçüləri 17 ilə 20 düym arasında dəyişən təkər disklərinə sahib olacaq. Əlavə ödəniş qarşılığında D-sütunlarının tünd xrom bəzəyini sifariş etmək də mümkündür. Krossoverlə birlikdə debüt edəcək sistemlərdən biri də ikinci nəsil matrisa fənərləridir. Arxadakı C-şəkilli fənərlər mərkəzində yeni Skoda yazısı olan qırmızı zolaqla birləşdiriləcəklər.
Skoda Kodiaq krossoveri əvvəlki MQB platformasına, lakin onun təkmilləşdirilmiş Evo versiyasına əsaslanacaq. Krossoverin uzunluğu 61 millimetr artaraq 4758 millimetrə, hündürlüyü isə 4 millimetr artaraq 1657 millimetrə çatacaq. Avtomobilin eni isə əksinə, 18 millimetr azalaraq 1864 millimetrə bərabər olacaq.
Skoda Superb və Kodiaq modellərinin yeni nəsilləri soyuq və isti hava şəraitində sınaqdan keçiriliblər. Avtomobillər ABŞ-ın Arizona ştatına, İspaniyaya və Afrikaya, eləcə də Şimal Qütbünə göndərilərək -30 ilə +50 dərəcə Selsi arasında olan temperaturlarda sınanıblar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.