Skoda şirkəti Rusiya bazarında satılacaq növbəti nəsil Rapid modelini təqdim edib. Yeni liftbek Sankt-Peterburqda keçirilən xüsusi tədbirdə yerli jurnalistlərə nümayiş etdirilib. Yeni Skoda Rapid Rusiyada 829 min rubldan (22 min manat) başlayan qiymətlə satılacaqdır.
Yeni liftbek Avropada satılan Scala modelinin üslubunda dizayna malik olub. Rapid üçbucaqlı ön fənərlərə, yeni radiator barmaqlığına, L-şəkilli işıqlanan bölməsi olan arxa fənərlərə sahib olub. Yeni modelin salonunda qızdırılan ikiqollu sükan çarxı, multimedia sisteminin ön panelin yuxarı hissəsində yerləşdirilmiş 6,5 və ya 8,0 düymlük displeyi quraşdırılıb. Ən maraqlısı odur ki, klimat-kontrol sisteminin idarəetmə bloku dəyişilməz qalıb.
Avtomobilin mühərrik çeşidi də dəyişilməz qalıb. Yeni Skoda Rapid 90 və ya 110 at qüvvəsi hasil edən 1,6-litrlik atmosfer mühərriki və 125 at qüvvəsinə malik olan 1,4-litrlik turbomühərrik ilə təchiz olunur. Atmosfer mühərrikləri 5-pilləli mexaniki qutu və ya 6-pilləli «avtomat» ilə, turbomühərrik isə 7-pilləli DSG «robotu» ilə tandemdə çalışır.
Yenilənmiş Skoda Rapid modelinin təchizatına öndəki məsafəyə nəzarət sistemi, altı təhlükəsizlik yastığı, sürücünün yorğunluq səviyyəsinin monitorinqi, yoxuşda tərpənməyə kömək edən yardımçı və rəqəmsal cihazlar paneli daxildir. Mərkəzi konsolda iki USB-C girişi, baqaj bölməsində isə ikitərəfli xalça və yükü bərkitmək üçün elementlər peyda olublar. Bundan başqa, liftbek sərnişin oturacağının altındakı bölmədə yerləşdirilmiş çətirə və buz qaşımaq üçün kürəkciyə sahib olub.