İkinci Dünya Müharibəsindən əvvəl istehsal olunan avtomobilləri hesaba almasaq, yeni Superb Skoda markasının yaxın tarixində, flaqman modelinin dördüncü nəslidir. Taleyin qəribə oyunu var: 2001-ci ildə debüt etmiş ilk müasir Skoda Superb modeli uzunbazalı Volkswagen Passat B5 sedanına əsaslanırdısa, artıq B9 nəslindən olan Passat modeli ən yeni, dördüncü nəsl Superb modelinə əsaslanır.
Yeni Volkswagen Passat modeli iki ay bundan əvvəl debüt edib, onun yaradılması isə birbaşa Skoda şirkətinə həvalə olunub. Passat B9 modeli yalnız universal kuzovu ilə təklif edilsə də, Superb ənənəvi olaraq iki kuzov növündən seçim təklif edir: liftbək və universal.
Skoda təkamül yolunu seçib: korporativ dizayn, MQB modul platforması (hazırda müasir Evo iterasiyasında) və hətta təkər bazasının ölçüsü (2841 millimetr) qorunub saxlanılıb. Ancaq bütün xarici kuzov panelləri yenidir, optika daha yığcam olub, bundan əlavə, ön şüşənin mailliyi bir qədər artırılıb.
Liftbəkin aerodinamik müqavimət əmsalı 10% (indi 0,23), Combi versiyasının isə 15% (0,25-ə qədər) azalıb.
Superb modelinin uzunluğu 43 millimetr (4912 millimetr), hündürlüyü isə 12 millimetr artıq (1481 millimetr) artıb. Universal isə, sələfindən 40 millimetr uzun (4902 millimetr) və 5 millimetr hündür (1482 millimetr) olub. Eyni zamanda, ümumilikdə avtomobilin eni 15 millimetr (1849 millimetr) azaldılıb.
Təkər disklərinin diaqonalı 16 ilə 19 düym arasında dəyişir. Onsuz da nəhəng olan baqaj bölməsi indi daha da genişdir: liftbəkin baqaj bölümünün tutumu 625-dən 645 litrə, Combi versiyasının isə, 660-dan 690 litrə qədər artıb.
Avtomobilin salonu da daha geniş və rahat hala gəlib, baxmayaraq ki, əsas artım sərnişinlərin başı üstündəki məkanın (müxtəlif oturacaq cərgəsində 6-11 millimetr arasında) payına düşüb. Yeni ön paneldə havalandırma sisteminin gizlədilmiş deflektorları var, 10 düymlük virtual cihazlar paneli artıq standartdır, lakin son tendensiyanın əksinə günəşliyə malikdir.
Seçimlər arasında ilk dəfə tam ölçülü proyeksiya displeyi peyda olub. Media sistemi diaqonalı 10 və ya 13 düym (Passat universalında - 13 və ya 15 düymlük) olan taçskirnlə təchiz edilə bilər.
DSG “robotunun” idarə olunması sağ sükanaltı dəstəyə həvalə edilib: artıq mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş versiyalar olmayacaq, sol dəstək isə dönmə siqnalları və şüşəsilənlərə cavabdehdir. Xarici işıqların idarə edilməsi artıq düymələrlə həyata keçirilir.
Mərkəzi tuneldəki boksda smartfonlar üçün simsiz şarj meydançası var: onun gücü 15 vattdır və meydança soyudulur. Superb Simply Clever firma aksessuarlar dəstindən (indi onların sayı 28 ədəddir) götürülmüş üç yeni elementə malikdir - bunlar baqaj örtüyünün (yalnız universal üçün) elektrik ötürməsi, ön oturacaqların arxasındakı ikiqat ciblər və arxa mərkəzi dirsəkaltında planşet üçün nəzərdə tutulmuş bərkitmə nöqtələridir.
Passat universalından fərqli olaraq, Superb üç fırlanan düyməsi olan klassik klimat-kontrol blokunu qoruyub saxlayıb. Ancaq bu pult indi Skoda Smart Dials adlanır: tutacaqlara displeylər quraşdırılıb və bunlar sadəcə işıqlandırılmış bölmələr deyil, diametri 32 millimetr olan tam ölçülü rəngli matrisalardır.
Mərkəzi tutacaq çoxfunksiyalıdır və ventilyatorun sürəti, axının istiqaməti, kondisionerin rejimlərini, audio sisteminin səsini, hərəkət rejimlərinin dəyişdirilməsinə və ya naviqasiya xəritəsinin böyüdülməsinə cavabdeh ola bilər.
Funksiyalar arasında keçid tutacağa uzunmüddətli basmaqla həyata keçirilir və media sistemində bu funksiyaların dəstini və ardıcıllığını (bir anda dörddən çox olmamaqla) proqramlaşdırmaq olar.
MQB Evo platformasındakı əsas yenilik opsional DCC Plus adaptiv asqısıdır. Yeni amortizatorlar bir əvəzinə iki idarə edilən klapan (sıxılma və geri qaytarma üçün ayrıca) var, ona görə də Comfort və Sport rejimləri arasında fərq daha qabarıq olmalıdır.
Belə asqı Laurin & Klement top versiyası üçün standartdır. Top versiyanın təchizatına salonun kombinə edilmiş üzlənməsi (dəri və süni dəri), bahalı ön oturacaqlar (havalandırma və masaj funksiyası), on dörd dinamikli Canton audio sistemi və matrisalı ön fənərlər daxildir.
Mühərrik çeşidi baxımından Passat və Superb demək olar ki, eynidirlər, lakin Skoda daha az güc variantları təklif edir. Məsələn, 2.0 TDI turbodizeli yalnız iki güc variantında (150 və ya 193 at qüvvəsi) təklif olunur.
Bununla belə, Passat üçün 122 at qüvvəli daha sadə versiyada təklif edilir. 150 at qüvvəli mühərriki olan avtomobillər ön ötürməyə, daha güclü Superb modelləri isə tam ötürməyə (arxa oxda mufta ilə) malikdirlər.
2.0 TSI turbomühərriki ilə təchiz edilən iki sırf benzin versiyası var - 204 at qüvvəli (ön ötürməli) və ya 265 at qüvvəli (tam ötürməli). Çeşidə ilk dəfə olaraq “yumşaq hibrid” əlavə edilib: o, 1,5 eTSI benzin turbomühərrikinə (150 at qüvvəsi, 250 Nm) malikdir və aşağı yüklənmələrdə silindrlərin yarısını söndürülməsi funksiyası və kəmər ötürməsi olan 48-voltluq startyor-generator ilə tamamlanır. Sadalanan bütün benzin və dizel versiyalarında iki muftalı yeddi pilləli DSG “robotu” quraşdırılır.
Təkrar doldurulan hibrid də çeşiddə qalır, lakin indi o, yalnız Superb Combi universalı ola bilər, çünki belə güc qurğusuna əsasən Qərbi Avropa ölkələrində tələbat var.
Üstəlik, Köhnə Dünyada alıcılar daha çox universal kuzovlu Superb modellərinə üstünlük verirlər. Hibrid qurğunun tərkibinə 1,5 TSI turbomühərrik (150 at qüvvəsi) və altı pilləli DSG “robotuna” quraşdırılmış elektrik mühərriki daxildir.
Hibridin maksimum gücü 204 at qüvvəsidir (Passat modelinin 272 at qüvvəli versiyası da var), lakin o, yalnız ön ötürməlidir. Dartma batareyasının tutumu əvvəlki 13-ə qarşı 25,7 kilovat/saat təşkil edir. Sırf elektrik ötürməsi ilə hibrid 100 (WLTP) kilometrdən çox məsafə qət edə bilər.
Yeni Superb Avropa bazarında yalnız 2024-cü ilin yazında satışa çıxmalıdır, ona görə də onun qiymətləri hələlik açıqlanmayıb. Doğma Çexiyada hazırki modelin qiyməti 36 min avrodan başlayır. Yeri gəlmişkən, yeni nəsil Super modeli artıq Çexiyada deyil, Slovakiyadakı müəsissədə Passat ilə eyni konveyerdə istehsal olunacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.