Çex avtomobil istehsalçısı, nəhayət, Enyaq və Enyaq Coupe elektrik krossoverlərinin genişmiqyaslı yeniləcəyini elan edib. Model təkcə Modern Solid üslubunda yenilənmiş eksteryer dizaynı ilə yanaşı, həm də yürüş ehtiyatını artıran təkmilləşdirilmiş aerodinamik xüsusiyyətləri alacaq. Yenilənmiş modellərin rəsmi təqdimatı bu gün baş tutmalıdır.
Skoda markasının elektrik krossoverləri restaylinq çərçivəsində xarici görünüşdə əhəmiyyətli dəyişiklikləri, o cümlədən yeni iki səviyyəli optikanı və kapotun aşağı kənarı boyunca düzülmüş nazik şaquli xətlərdən ibarət olan orijinal işıqlanan bəndi əldə edəcəklər. Yenilənmə həm Enyaq modelinin standart versiyasına, həm də kupeşəkilli Enyaq Coupe modifikasiyasına təsir göstərəcək.
Hazırkı Enyaq ailəsi 180-dən 340 at qüvvəsinə qədər gücə malik olan müxtəlif aqreqatlar ilə təklif olunur. Ötürmə - mono və ya tam ola bilər. Mövcud versiyalar, modifikasiyadan asılı olaraq, dolu batareya ilə 340-565 kilometr arasında məsafə qət etmək iqtidarındadırlar.
Yeniliyin ilk şəkilləri çex istehsalçısı tərəfindən dekabrın ortalarında dərc edilib. Həmin zaman Skoda yenilənmiş Enyaq modelinin arxa hissəsini, Enyaq Coupe versiyasının isə, profildən nümayiş etdirib. Şirkətdən verilən məlumata görə, Modern Solid korporativ üslubundan istifadə bu modelləri Skoda brendinin tarixində aerodinamik cəhətdən ən səmərəli modellərə çevirib və bu, elektromobillərin yürüş ehtiyatına müsbət təsir göstərib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.