Skywell avtomobil markası Azərbaycanda satılan ET5 elektrik krossoveri ilə tanınır. Eyni zamanda, Çinin Skyworth şirkəti artıq öz avtomobillərini yerli idxalçılar vasitəsilə və digər markalar altında başqa ölkələrdə də satmağa cəhd edib: Şimali Amerikada bu Imperium, Almaniyada isə, Elaris brendidir. Lakin bu layihələr uğurlu alınmayıb.
İndi Skyworth Avropa bazarına vasitəçisiz daxil olur. Artıq sentyabr ayında Skyworth Model K (Skywell ET5) elektrik krossoverinin 39 900 avrodan başlayan qiymətlərlə satışa çıxacağı elan edilib. Paris avtosalonunda isə, şirkət hətta dünya premyerasını da keçirib!
Kompakt Skyworth Q hetçbeki Fransanın paytaxtında nümayiş etdirilib (baxmayaraq ki, firma illüstrasiyalarında nədənsə Skywell yazıları görünür). O, Avropada populyar olan C sinfinə aiddir: hetçbekin uzunluğu 4297 millimetr, eni - 1836 millimetr, hündürlüyü - 1536 millimetrdir.
Yəni, onun əsas rəqibləri Volkswagen ID.3, Cupra Born və BYD Dolphin modelləri olmalıdır. Beşqapılı hetçbek yumşaq kuzov xətlərinə və 18-düymlük aerodinamik təkər disklərinə malikdir.
Salonda mərkəzində 15,6-düymlük “televizor” yerləşən çoxqatlı ön panel diqqəti cəlb edir. Onunla bir blokda bir neçə fiziki açar yerləşib. Ancaq nə cihazlar paneli, nə də proyeksiya sisteminin displeyi nəzərə çarpmır.
Digər avadanlıqlara kontur işıqlandırması, iki simsiz enerji doldurma sistemi, səkkiz dinamikli Mezt audio sistemi, dairəvi kameralar, adaptiv kruiz-kontrol və panoram dam daxildir.
Skywell Q modeli ön oxda yerləşən 204 at qüvvəli yeganə elektrik mühərrikinə malikdir. Bununla belə, 100 km/saat həddinə sürətlənmənin 3,9 saniyə çəkəcəyi vəd olunur! Cəsarətli bəyanatdır... Hetçbek üçün dartma batareyasının iki versiyası hazırlanıb, lakin ylnız böyük tutumlusunun əsas xüsusiyyətləri açıqlanıb: məsafə - 482 kilometr, 10-dan 80%-ə qədər doldurulma müddəti - 20 dəqiqə.
Avropalı müştərilər üçün cəlbedici satış sonrası xidmət şərtləri vəd edilir. Avtomobilə 7 il və ya 160 min kilometr, dartma batareyasına isə, 8 il və ya 250 min kilometr zəmanət veriləcək. Plana görə, Skywell Q hetçbeki 2025-ci ilin sonunda bazara çıxmalıdır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.