Smart şirkəti Frankfurt avtosalonunda nümayiş etdirəcəyi Vision EQ Fortwo konsept avtomobilini təqdim edib. İstehsalçı tərəfindən gələcəyin avtomobili adlandırılan prototipin sükan və pedalları mövcud deyildir. Ön panelin yeridə müxtəlif ismarıcların görüntüləndiyi ekran yerləşdirilib.
Konsept alman istehsalçısının gələcəyə baxışını nümayiş etdirir. Bu avtomobillər beşinci nəsil avtonom idarəetmə sisteminə sahib olacaqdırlar ki, Avtomobil mühəndisləri cəmiyyətinin (SAE) təsnifatına əsasən onlar müstəqil hərəkət edə bilər və insanın müdaxiləsinə tələbat duymurlar. Bu səbəbdən də avtomobildə fiziki idarəetmə orqanları quraşdırılmayıb.
Avtomobildə hər şey səs komandaları və smartfon vasitəsi ilə tənzimlənir.
Vision EQ Fortwo modelinin qabarit uzunluğu 2699 millimetr, eni - 1720 millimetr, hündürlüyü isə 1535 millimetrdir. Prototip hazırki seriya modelindən 50 millimetr enli və 25 millimetr alçaqdır.
Yığcam avtomobil arxa oxda quraşdırılmış elektromotor və 30 kilovat-saatlıq tutumu olan litium-ion batareyaları ilə təchiz edilir. Onun yürüş məsafəsi 300 kilometrdir. Batareyaların zəifləməsi halında avtomobil sərbəst şəkildə enerji yükləmə stansiyasına yollanacaqdır. Bu stansiyada avtomobil induksion sistemin köməyi ilə batareyaları avtomatik rejimdə dolduracaq.
Smart şirkətində şəhər avtomobillərinin gələcəkdə əsasən geniş şəbəkəyə malik olan karşerinq xidmətində istifadə ediləcəyindən əmindirlər. Bu zaman, avtomobili kirayələmək üçün onu axtarmaq və arxasınca yollanmaq gərək deyil. Gələcəkdə avtomobil sifarişçinin olduğu yerə sərbəst şəkildə yollanacaqdır. Avtomobilin önündə quraşdırılmış ekranda həmin şəxsin adı olan salamlama mətni yazılacaqdır ki, o öz avtomobilini asanlıqla tapsın.
Tədqiqatlara əsasən, 2025-ci ilə karşerinqdən istifadə edənlərin sayı 36,7 milyona çatacaqdır. Elə həmin müddətə də istehsalçılar tam avtonom avtomobillərin buraxılmasına başlamalıdırlar.