Bir çoxlarımız piyadaların smartfona baxa-baxa yolu keçdiyinin dəfələrlə şahidi olmuşuq. Bu da azmış kimi, onlardan bəziləri qulaqcıqları da taxaraq, ümumiyyətlə real həyatdan virtuallığa transfer olurlar. Bunların üzərinə piyadalarımızın trafik işıqlarına məhəl qoymadığını da gəlsək, vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək olar. Təəssüflər olsun ki, Dövlət Yol Polisi piyadaları ipə-sapa yatırmaq məsələsində acizdir. Bu gün yolun istənilən hissəsində avtomobillərə fikir vermədən rahatlıqla gəzən və hərəkət axınını yavaşladan piyadaları görmək olar.
O ki qaldı smartfonlara aludə olmuş piyadalara, Rusiyanın “Avtonet” MTT (Milli texnoloji təşəbbüsü) maraqlı bir ideya ilə çıxış edib: rusiyalı mütəxəssislər piyadaların əvəzinə avtomobillərə diqqət yetirməyi süni intellektə həvalə etməyi təklif edirlər. Xüsusi yazılmış mobil tətbiqin sınaqlarına 2020-ci ildə Rusiya Federasiyasının seçilmiş regionlarında sınaqlarına başlanacaqdır.
Mütəxəssislərin irəli sürdüyü ideya başı smartfona qarışmış, qulağında isə qulaqcıq olan piyadaları yaxınlaşan avtomobil barədə xəbərdar etməkdir. Sirr deyildir ki, diqqətsiz piyadalar mütəmadi olaraq yolu qırmızı işıqda keçirlər. Tətbiq yol və hava şəraitini, həmçinin 100-200 metr məsafədə yerləşən ağıllı trafik işıqlarından məlumatları toplayaraq, smartfon sahibinə avtomobilin altına düşmək riski barədə bildiriş göndərəcəkdir.
İdeya yaxşı ideyadır – hər halda bu tətbiqdən istifadə “smartfonda yaşayan” gənclərimizi xilas etməyə yardım edəcəkdir. Yaşlılara gəldikdə isə, Allah sürücülərə kömək olsun.