RM Sotheby’s hərrac evinin onlayn satışlarında sonuncu Lamborghini Aventador LP 780-4 Ultimae kupesini satıblar. Superkar heyrətamiz qiymətə - 1 603 125 dollara satılıb. Avtomobilin alıcısı superkar ilə birlikdə qarşılıqlı əvəz edilməyən tokeni (NFT) də əldə edib. Rəqəmsal sənət əsəri Aventador modelinin də təsvir olunduğu Mars peyzajından ibarətdir. NFT rəssam Krista Kim tərəfindən çəkilib və musiqi prodüseri Stiv Aoki tərəfindən səsləndirilib.

Yaradıcı duet Lamborghini Ad Personam fərdiləşdirmə bölməsi ilə birlikdə avtomobilin eksteryeri və interyeri üzərində də işləyib. Superkarın kuzovu göy Blue Nethuns rəngindən tədricən qara Nero Noctis rənginə keçən boyanma sxeminə malikdir. Salon qara və narıncı rənglərdə tərtib edilib və çox güman ki, NFT-nin bir hissəsi olan “Marsın metakainatındakı qürubdan” ilhamlanaraq yaradılıb. Bununla belə, tam fayl yalnız avtomobilin sahibinə məxsusdur, bizdə isə yalnız sempl var.

Xatırladaq ki, Lamborghini Aventador LP 780-4 Ultimae superkarı, bu modelin Aventador S və Aventador SVJ modifikasiyalarının cizgilərini özündə cəmləşdirən vida versiyasıdır. Onun 6,5-litrlik V12 atmosfer mühərrikinin gücü 780 at qüvvəsinə qədər artırılıb. Cəmi 350 ədəd belə kupe və 250 ədəd kabriolet buraxılıb. Bundan əlavə, Felicity Ace yük gəmisində yanaraq külə dönmüş nüsxələr də yenidən buraxılıblar.

Image alt Image alt Image alt Image alt Image alt

Aventador modelindən sonra Lamborghini markasının model xəttində elektrikləşdirilməmiş model olmayacaqdır. İtalyan markasının prinsipcə yeni bayraqdarı gələn il debüt etməli və plagin hibrid olmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.