Səudiyyə Ərəbistanında yerləşən Seven Car Lounge diler mərkəzi Rolls-Royce Phantom kabrioletinin son nüsxəsini satışa çıxarmışdır. Adına Final (yaxud Last of Last) əlavəsini almış avtomobil 0 kilometr yürüşlə təklif edilir.
Satıcının verdiyi xəbərə görə,Phantom VII Drophead Coupe seriyasından olan son avtomobil Riva Aquarama katerinin üslubunda tərtib edilmişdir. Avtomobil cilalanmış elementləri olan ikirəngli kuzova malikdir. Eyni zamanda, kabriolet ikirəngli təkər disklərinə və ağ haşiyəli şinlərə sahib olmuşdur.
Kabrioletin salonunun tərtibatında müxtəlif rəngli iki dəridən, karbon və metal işləmələrdən istifadə edilmişdir. Avtomobil 460 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən 6,75-litrlik on iki silindrli mühərriklə hərəkətə gəlir. Avtomobilin satış qiyməti səsləndirilməmişdir.