Sony şirkəti ilk avtomobili olan Vision-S elektromobilinin yol sınaqları zamanı çəkilən videogörüntüləri yayımlayıb. Videoçarxda, Yaponiyanın texnoloji nəhəngi ilə birlikdə elektrokarın yaradılmasında iştirak etmiş digər şirkətlərin nümayəndələri də çəkiliblər. Onların əksəriyyəti, hələ də Vison-S modelinin “əmtəə” versiyasının olacağına ümid edirlər. Bununla belə, Sony şirkəti nəqliyyat vasitəsi buraxmaq planının olmadığını bildirib.
Xatırladaq ki, yapon şirkəti Las Veqasda keçirilən CES-2020 Beynəlxalq istehlak elektronikası sərgisində Sony Vision-S adlı konseptual elektrokarını nümayiş etdirmişdi. Qabaqcıl avtopilot sisteminə sahib olan elektrokarın yaradılmasında Nvidia, Continental, Bosch, AZ, Qualcomm və Blackberry şirkətləri də iştirak ediblər.
Elektromobilin əsasını Magna Steyr tərəfindən hazırlanmış modul platforması təşkil edir. Elektrokar, ümumi hasilatı 268 at qüvvəsi olan iki elektrik mühərriki ilə hərəkətə gəlir. Sony Vision-S modeli 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir və 240 km/saatlıq maksimal sürət həddinə malikdir. Pilotsuz rejimdə hərəkətə avtomobilin daxilində və xaricində yerləşdirilmiş 33 verici cavabdehdir.
Elektromobilin dizaynı Porsche Taycan və Lucid Air modellərini xatırladır. Salon da maraqlı tərtibata malikdir - ön panelin sağ və sol küncündə yerləşdirilmiş ekranlara yan güzgüləri əvəz etmiş kameraların görüntüləri ötürülür. Bundan başqa, hər bir sərnişinin qarşısında fərqdi displey vardır. Konseptin avadanlıq siyahısına kreslolara quraşdırılmış dinamikləri olan 360 Reality Audio səs sistemi də daxil edilib.