Spark Racing Technology şirkəti Formula E çempionatının beşinci mövsümündə istifadə ediləcək elektromobilin prototipini təqdim etmişdir. Renault F1 komandasının keçmiş rəhbəri Frederik Vasseyə məxsus olan şirkət, ilk mövsümdən başlayaraq Formula E çempionatı üçün şassi hazırlayır.
Şirkət yenidən FİA-nın keçirdiyi tenderdə qalib gələrək şassilərin yarış kollektivlərinə çatdırılmasını davam etdirəcəkdir. Məşhur Dallara mühəndis şirkəti ilə birlikdə hazırlanmış yeni şassini SRT05e adlandırılmışdır. Şirkətin təqdim etdirdiyi renderlərdə elektromobilin dizaynının ilkin variantı təsvir edilmişdir. Bununla belə, sonradan bolidin dizaynının dəyişməyəcəyinə heç kim zəmanət verə bilməz.
Eyni zamanda, kokpitin ətrafında, vaxtilə Red Bull Racing komandasının sınaqdan keçirdiyi müdafiə ekranına bənzər elementin olduğunu görmək olar. Yeni yarış bolidi McLaren Applied Technologies şirkəti tərəfindən hazırlanmış batareyalar dəsti ilə təchiz ediləcəkdir. Bu batareyaların tutumu 28 kilovat-saatdan 54 kilovat-saata qədər artırılacaqdır. Müvafiq olaraq, bolidin çəkisi də 10 faizə qədər artmalıdır. Bu fərqi aradan qaldırmaq üçün Spark şirkəti bolidin konstruksiyasında «yeni yüngül materiallardan» istifadə etməyi planlaşdırır.
Hazırda Formula E çempionatının üçüncü mövsümü davam edir. Yaxın zamanlarda keçiriləcək yarış 18 fevralda Buenos-Ayresdə baş tutacaqdır. Çempionat cəmi 12 mərhələdən ibarətdir ki, son mərhələ də 30 iyulda keçiriləcəkdir.