Bu gün Şpilberqdə keçirilmiş dramatik yarış Rene Rastın (Audi) qələbəsi ilə nəticələnib. Pouldan start alan Ceymi Qrinin (Audi) yarışın əksər hissəsinə liderlik etsə də, son dəqiqələrdə avtomobili ilə problem yaşayan britaniyalı mövqeyini komanda yoldaşına təhvil verib.
Yarışın startı, demək olar ki, problemsiz ötüşüb. Ceymi Qrin əla start alaraq birinciliyini qoruyub. Onunla bərabər ilk cərgədən start alan Rene Rast da Niko Müllerin (Audi) irəli çıxmasına imkan verməyib. İlk dövrənin başa çatması ilə Mayk Rokenfeller (Audi) və Qəri Paffett (Mercedes) pit-stopa yollanıblar. Erkən pit-stop sayəsində hər iki pilot yarışı üçüncü və dördüncü bitirə biliblər. Çempionatın lideri Mattias Ekstrem isə, Şpilberqdə o qədər də parlaq çıxışı ilə yadda qalmayıb. Mayk Rokenfeller (Audi) Mattiasdan sürətli olsa da, bir müddət onu yaxından təqib etməli olub. Sonradan bu taktikanın yanlış olduğunu anlayan Audi rəhbərliyi Rokiyə Mattiası keçməyə icazə verib.
Mayk Rokenfeller isə, komanda yoldaşını keçdikdən sonra, Marko Vittmannı (BMW) «ovlamaq» şansını əldə edib.
Şpilberqdə keçirilən son yarış çoxlu mübarizlərlər yadda qalıb. Yarış qəzasız da ötüşməyib - 29-cu dövrədə Bruno Spenqler (BMW) Lukas Aueri (Mercedes) vuraraq trekdən çıxarıb kənarlaşdırıb. Nəticədə trekə təhlükəsizlik avtomobili çıxıb. Restarda Mayk Rokenfeller Marko Vittmannı arxada qoyaraq dördüncülüyə yüksəlib. Bir müddət sonra, Ekstrem də Vittmanı keçərək altncılığa yüksəlib.
Yarışın bitməsinə 1 dəqiqə qalmış Ceymi Qrinin avtomobili yavaşlayıb və pilotlar bir-bir onu ötməyə başlayıblar. Nəticədə qələbə yarışı ikinci yerdə davam etdirən Rene Rasta qismət olub. Son dövrələrdə Niko Müller də Rokini irəli buraxıb.
Beləlikə, növbəti dəfə Audi komandası Şpilberqdə bütün podiumu zəbt edib.
Mövsümün son mərhələsi 13-15 oktyabr tarixlərində Hokkenhaymrinqdə keçiriləcəkdir. Hazırda pilotlar çempionatına 172 xalla Mattias Ekstrem lidelrik edir. Arifmetik olaraq Rene Rast (151 xal), Ceymi Qrin (137 xal), Mayk Rokenfeller (134 xal), Marko Vittmann (134 xal) və Lukas Auer (131 xal) çempion olmaq şansına malikdirlər.
Komandalar çempionatında da üstünlük Audi kollektivlərinə məxsusdur. Bu birincilikdə tutul uğrunda mübarizə Audi Sport Team Rosberg və Audi Sport Tean Abt Sportsline arasında gedəcəkdir.
Markalar çempionatına gəldikdə isə, Mercedes və BMW İnqolştat təmsilçisinə markalar kubokunu qazanmağa mane olmaq şansını çoxdan itiriblər.
Beləliklə, DTM çempionatının Hokkenhaymda keçiriləcək final yarışı yalnız pilotlar və komandalar çempionatının taleyini həll edəcəkdir.