Bu gün keçiriləcək yarışın sıralamasını təyin edən təsnifat sessiyası başa çatıb. Ceymi Qrin yenidən Red Bull Racing trekinin «şahı» olduğunu sübut edib.
Britaniyalı pilot dövrəni 1.21.955 zamanla başa vuraraq, 1 dəqiqə 22 saniyənin altına düşən yeganə pilot olub. Dünənki yarışın taleysiz pilotu olmuş Rene Rast (Audi) ikinci yerdən start almaq hüquqnu əldə edib. Dünya çempionu Marko Vittmann (BMW) liderdən 0,146 saniyə arxada qalaraq üçüncü olub. Onunla birlikdə ikinci cərgədən Audi komandasının çempion pilotu Mayk Rokenfeller start alacaqdır.
Niko Müller (Audi) və Qəri Paffet (Mercedes) yarışı üçüncü cərgədən başlayacaqdırlar. Timo Qlok (BMW) və dünənki yarışın qalibi Mattias Ekstrem (Audi) müvafiq olaraq, yeddinci və səkkizinci yerləri tutublar. Görünür ki, Mattias avtomobillə müəyyən problemlər yaşayır. Bu sıralama onun qələbə şanslarını bir qədər çətinləşdirə bilər.
İlk onluğu Tom Blomkvist və Bruno Spenqler (hər ikisi - BMW) tamamlayıblar.