DTM çempionatının növbəti mərhələsinə bu gün Şpilberqdəki Red Bull Ring avtodromunda start verilib. Cədvələ uyğun olaraq, bu gün ilk sərbəst yürüşlər baş tutub.

Ştiriya dağlarının əhatəsində yerləşən avtordomda keçirilmiş yürüşlərin ən yeyin pilotu Audi komandasının britaniyalı yarışçısı Ceymi Qrin olub. O, dövrəni 1.23,267 zamanla qət edərək, yerli azarkeşlərin qəhrəmanı Lukas Aueri (Mercedes) 0,024 saniyə qabaqlayıb.

Günün üçüncü nəticəsini Qrinin komanda yoldaşı Rene Rast qeydə alıb. Alman pilot liderdən 0,085 saniyə geridə qalıb. Onu isə, öz növbəsində, digər Audi pilotu Niko Müller təqib edib. Qəri Paffett (Mercedes) beşinci, Loik Dyüval (Audi) isə altıncı olub. Pilotlar birinciliyinin lideri Mattias Ekstrem yeddinci nəticəni göstərib.

İlk onluğu tamamlayan pilotlar Pol di Resta (Mercedes), Maksim Marten və Marko Vittmann (hər ikisi - BMW) olublar. Sabah bizi ikinci sərbəst yürüşlər, onun ardınca isə, şənbə günü keçirilən təsnifat mərhələsi və yarış gözləyir.