Şənbə günü Şpilberqdə keçirilmiş yarışın qalibi çempionata liderlik edən Mattias Ekstrem olub. Qeyd etmək lazımdır ki, bu qələbə isveç pilotun 2017-ci il mövsümündə əldə etdiyi ilk qələbədir.
Cümə və şənbə günü sərbəst yürüşlərə və təsnifat sessiyasına Ceymi Qrinin liderlik etməsinə baxmayaraq, bir qədər uğurlu pit-stop strategiyası seçmiş Mattias Ekstrem sonunda damalı bayrağı görən ilk pilot olub. Yarışın başlanğıcında pouldan start götürən Qrin liderliyini qoruya bildi. Niko Müller də yaxşı start götürərək ikinci yerini Mattias Ekstremdən müdafiə etdi. Lakin, bir müddət sonra, Niko yerini Ekiyə təhvil verdi. Çox güman ki, Audi komandasının rəhbərliyi bu il Ekstremi çempion olaraq görmək istəyir. Əks halda yarışa başlanğıcından sonuna qədər liderlik edən Qrin mövqeyini belə asanlıqla Ekiyə təhvil verməzdi. İstənilən halda, şənbə günü keçirilən yarışda Audi komandasının bu üçlüyü böyük üstünlüyə malik olub. Peletonun ortasında isə, Mercedes və BMW pilotları arasında gərgin mübarizə gedib.
Buna misal olaraq, Robert Uikkenzlə Marko Vittmannın gərgin mübarizəsini göstərmək olar.
Audi pilotu Rene Rast (Audi) isə, pit-stopdan yaxşı mövqedə çıxsa da, sonunda uğursuzluğa düçar olub. O, Uikkenzin sərt hücumu ilə üzləşib. Kanadalı ilə alman pilot avtomobillərinin təmasından ən böyük ziyanı görən məhz Rast olub. Alman pilot əvvəlcə Vittmanna keçilib, sonra isə, onu haqlayan Maksim Marten ilə (BMW) təmas yaşayıb.
Bu təmasdan sonra avtomobilinin idarəetməsini itirən Rene, üstəlik də texniki problemlə üzləşib. Bu problem alman pilotu peletonun sonuna ataraq, onun çempionluq şansının üzərindən yağlı bir xətt çəkib. Daha bir maraqlı mübarizə Timo Qlok (BMW) ilə Qəri Paffett (Mercedes) arasında yaşanıb. Bu mübarizədən qalib çıxan pilot Timo Qlok olub.
Yarışın kulminasiya anı son beş dəqiqəyə təsadüf edib.
Məlumdur ki, DTM-də təkərlərin bokslarda qızdırılması qadağandır və pitdən çıxan pilotlar soyuq təkərlər ucbatından çətin anlar yaşayırlar. Ceymi Qrindən öncə pitə yollanmış Ekstrem də qızdırılmış təkərlərin hesabına britaniyalını keçməyə müvəffəq olub. Hər halda rəsmi versiya belədir. Amma Qrinin belə asanlıqla təslim olması komanda taktikasına birbaşa işarədir. Çünki Qrinin özünün də çempion olmaq şansları yüksəkdir.
Beləliklə, Şpilberqdə keçirilən ilk yarışdan sonra Mattias Ekstrem 162 xalla pilotlar çempionatına liderliyini davam etdirir. Onu 134 xalla Ceymi Qrin təqib edir. Lukas Auer üçüncü, Marko Vittmann dördüncü, Rene Rast isə beşincidir.
Komandalar çempionatına Audi Sport Team Rosberg komandası başçılıq edir. Onları digər bir Audi kollektivi - Audi Sport Team Abt Sportsline təqib edir. Üçüncü yerdə isə Mercedes-AMG Motorsport Mercedes me komandası qərarlaşıb. Markalar çempionatında Audi 620 xalla liderdir. Mercedes 516 xalla ikinci, BMW isə 469 xalla üçüncüdür. Böyük ehtimalla, bu ilki konstruktorlar kuboku İnqolştata gedəcəkdir.
Bu gün bizi üçüncü sərbəst yürüşlər, ikinci təsnifat sessiyası və Şpilberqdəki son yarış gözləyir.