Bu gün Red Bull Ring avtodromunda keçirilmiş ilk sıralama turlarının qalibi britaniyalı Ceymi Qrin olub. Cümə və şənbə günü keçirilən sərbəst yürüşlərin lideri olan Audi pilotu, təsnifat mərhələsində də öz sürətini bir daha təsdiq edib.
Poul uğrunda mübarizə əsasən Audi pilotları arasında gedib. Mayk Rokenfeller, Rene Rast və Niko Müller zaman-zaman birinciliyə yüksəlsələr də, sessiyanın bitməsinə saniyələr qalmış Qrin dövrəni 1.21,973 zamanla başa vuraraq poulun taleyini həll edib. Niko Müller komanda yoldaşından 0,021 saniyə geridə qalaraq ikinci olub. Beləliklə, bu günki yarışı Qrin və Müller ilk cərgədən başlayacaqdırlar.
İkinci cərgədən start alacaq pilotlar, çempionatın lideri Mattias Ekstrem (Audi) və ilk beşliyə daxil olmağı bacarmış Marko Vittmanndır (BMW). Üçüncü cərgə Mayk Rokenfeller və Rene Rasta (hər ikisi - Audi) qismət olub. Robert Uikkenz (Mercedes) və Maksim Marten (BMW) yarışı dördüncü cərgədən başlayacaqdırlar. İlk onluğu BMW komandasının pilotları Timo Qlok və Auqusto Farfus tamamlayıb.