Rolls-Royce Phantom modelinin təkmilləşdirildiyi barədə xəbərlərə nadir hallarda rast gəlmək olar. Dünyanın ən dəbdəbəli və incə avtomobili sayılan Phantom modelini tüninq etmək üçün ciddi səbəblər olmalıdır, çünki şirkət özü lyuks sedanı fərdiləşdirmək üçün Bespoke proqramını təklif edir. Modelin azsaylı sahiblərindən kimsə müəyyən edilmiş çərçivələrdən kənara çıxaraq xüsusi sedan yaratmaq istəyirsə, o zaman alman Spofec atelyesinə müraciət edə bilər.
Spofec mütəxəssisləri ilk növbədə bu möhtəşəm sedanı idman cizgiləri ilə təmin etməyə çalışıblar. Alman tüner, ilk növbədə, məşhur Vossen firması ilə birlikdə hazırladıqları 24-düymlük Spofec SP2 təkər disklərini və karbondan hazırlanmış kuzov elementlərini quraşdırmağı təklif edir. Sonuncu tamamilə yeni ön bamperin quraşdırılmasını təklif edir. Spofec mütəxəssisləri bu bamperin yüksək sürətlərdə ön oxu əlavə yerəbasma gücü ilə təmin etdiyini bildiriblər.
Bundan başqa, sedan kandar əlavələrinə, hava yönləndiriciləri olan arxa bamperə və hava axınını optimallaşdırmağa xidmət edən baqaj qapağındakı kiçik spoylerə malik olub. Təkmilləşdirilmiş Phantom hündürlüy 40 mm azaldılmış asqı sayəsində daha yaxşı idarələnir. Spofec mühəndisləri adaptiv pnevmatik asqı üçün yeni idarəetmə modulu hazırlayıblar. Bu modul 140 km/saata qədər sürətlərdə kuzovu aşağı salır. Qeyd olunan sürət həddinə çatdıqdan sonra kuzov əvvəlki vəziyyətində qaytarılır.
Atelye mütəxəssisləri Rolls-Royce Phantom modelinin təchiz edildiyi 6,75-litrlik V12 turbomühərrikinin gücünü 685 at qüvvəsinə (+114 a.q.), fırlanma anını isə 1010 Nm-ə (+110 Nm) qədər artırıblar. Nəticədə, dəbdəbəli sedan 100 km/saat həddinə beş saniyəyə (-0,1 saniyə) sürətlənir. Maskimal sürətə isə toxunulmayıb – sürət həddi əvvəlki kimi elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılır.