Novitec tüninq atelyesinin tərkibinə daxil olan və Rolls-Royce modellərinin tüninqi üzrə ixtisaslaşan Spofec bölməsi Dawn kabrioleti üçün tüninq proqramını təqdim edib.
Rolls-Royce Dawn modeli üçün hazırlanmış tüninq dəsti Overdose adlanır. Bu dəstin tərkibinə karbon liflərindən hazırlanmış yeni ön və arxa bamperlər, genişləndirilmiş təkər tağları və xüsusi olaraq bu layihə üçün hazırlanmış 22-düymlük təkər diskləri daxildir. Yeri gəlmişkən avtomobilin pnevmatik asqısı da iri ölçülü təkər disklərinə adaptasiya edilibdir.
Daha qabarıq ön qanadlar kabrioletin kuzovunun ön tərəfdəki enini 13 santimetr artırıb. Hava girişləri olan yeni yan panellər isə avtomobilin ön hissəsinin arxa hissəyə keçməsini daha rəvan ediblər. Məlum olduğu kimi, Rolls-Royce Dawn modeli 571 at qüvvəsi və 820 Nm fırlanma anı hasil edən 6,6 -itrlik iki turbokompressorlu V12 mühərriki ilə təchiz edilir.
Spofec mütəxəssislərinin müdaxiləsindən sonra bu aqreqat 686 at qüvvəsinə və 980 Nm fırlanma anına malik olub.
Təkmilləşdirilmiş kabriolet 100 km/saat sürətini 4,6 saniyəyə toplayır. Onun maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Bundan başqa, avtomobil havalandırmalı diskləri olan yeni karbon-saxsı əyləc mexanizmlərini əldə edib. Bu mexanizmlər 38 kiloqram çəkiyə qənaət etməyə imkan verir ki, bu da ressoraltı çəkilərin azalmasına və idarəetmənin yaxşılaşdırılmasına xidmət edir. Kabriloetin interyeri sifarişçinin arzusuna uyğun olaraq tərtib edilir.
Yeri gəlmişkən Overdose dəsti eksklyuziv olacaqdır - cəmi səkkiz ədəd belə dəst buraxılacaqdır.