Superkar istehsalçısı olan Spyker şirkəti ikinci nəsil C8 Aileron modelinin buraxılışına son verir. Buraxılacaq son üç avtomobil, 2008-ci ildə təqdim edilən C8 Laviolette LM85 yarış modelinə həsr olunub. Bu model “Sebrinqin 24 saatı” və “LeManın 24 saatı” marafonlarında iştirak edib.
Spyker C8 Aileron LM85 adlanan xüsusi model, GT sinifində çıxış edən müasir Spyker superkarlarının üslubunda hazırlanacaqdır.
Belə ki, avtomobil alüminium kuzova, bütöv metal tədarükündən hazırlanmış hava girişlərinə və yarış avtomobillərinin üslubunda rəng sxeminə malik olacaqdır. Bu sxemlər qırmızı və qara, qara və qırmızı, qara və qızılı rənglərin ahəngindən ibarətdir. Superkar Audi şirkətinin istehsalı olan 4,2-litrlik V8 mühərriki ilə təchiz edilir.
Güc aqreqatı 532 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. Mühərrik altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə C8 Aileron LM85 superkarını 100 km/saat həddinə 3,9 saniyəyə sürətləndirir. Kupenin interyeri kuzovun rənginə uyğun gələn ikirəngli dəri ilə üzlənəcəkdir. Bundan başqa, kupe xüsusi sifarişlə hazırlanmış oturacaqlara, alüminiumdan mərkəzi konsola, Chronoswiss cihazlar panelinə və ötürmə qutusunun açıq mexanizminə sahib olacaqdır.