Spyker uzun fasilədən sonra yenidən superkar seqmentinə qayıdır. C8 Preliator XXV Monterey Car Week çərçivəsində The Quail tədbirində təqdim edilib və markanın yeni dövrünün başlanğıcı kimi göstərilir. Cəmi 25 ədəd istehsal olunacaq avtomobil klassik Spyker fəlsəfəsini — aviasiya irsi, əl işi, açıq mexanika və fərdiləşdirmə — müasir performansla birləşdirir.

Avtomobilin kapotunun altında 4,0-litrlik V8 twin-turbo mühərriki yerləşir. Audi mənşəli mühərrik 789 at gücü1.000 Nm fırlanma anı hasil edir. Güc arxa təkərlərə 6-pilləli mexaniki transmissiya vasitəsilə ötürülür. 0-dan 100 km/saat həddinə sürətlənmə 2,9 saniyə çəkir, maksimal sürətdə isə 350 km/saatdan çoxdur.

Lakin Spyker-in əsas üstünlüyü rəqəmlərdə deyil. Kuzov əl ilə formalaşdırılmış alüminiumdan hazırlanır və avtomobilin dizaynında şirkətin aviasiya keçmişinə çoxlu istinad var. Kuzovdakı NACA hava kanalları, pərvanəni xatırladan disklər, təyyarə mühərriklərinin forsaj işığını xatırladan arxa fənərlər və damdakı mərkəzi “akula üzgəci” avtomobili adi superkarlardan dərhal ayırır.

Təqdim olunan nümunənin Quail Green adlı yaşıl kuzov rəngi də adi seçim deyil. Boyanın içində incə cəhrayı qızıl hissəcikləri yerləşdirilib və avtomobilin xarici parlaq elementləri də eyni çalarda işlənib. Spyker alıcıya daha klassik alüminium görünüşündən tutmuş daha cəsarətli fərdiləşdirməyə qədər geniş seçim imkanı təqdim edir.

Salon isə demək olar ki, ayrıca sənət əsəridir. Ənənəvi ekranların üstünlük təşkil etdiyi müasir superkarlardan fərqli olaraq C8 Preliator XXV-də alüminium panel, analoq cihazlar paneli, transmissiyanın açıq ötürmə mexanizmi və çəyrahı qızıl detallar ön plandadır. Oturacaqlarda isə bahalı dəri və klassik tikişlərdən istifadə olunur. Spyker-in yanaşması burada aydındır: texnologiyanı gizlətmək əvəzinə, mexanikanı göstərmək.

İstehsal prosesi də bu fəlsəfəyə uyğundur. C8 Preliator XXV-nin hər bir nümunəsi böyük seriya istehsalının məhsulu deyil. Spyker yeni modelin yığılmasının əl işi üzərində qurulduğunu vurğulayır və bir avtomobilin hazırlanması üçün yüzlərlə, hətta minlərlə iş saatının tələb olunduğunu bildirir. Müxtəlif mənbələr bu rəqəmi təxminən 800–2.100 saat aralığında olduğunu bildirirlər: buna görə yekun istehsal müddəti seçilən fərdiləşdirmə səviyyəsindən asılı olacaq.

Bu qədər eksklüzivlik fonunda Spyker-in ən maraqlı tərəfi onun analoq xarakteridir. Hidravlik sükan, ötürmələrə qutusunun mexaniki qolu, ənənəvi cihazlar paneli və fiziki idarəetmə orqanları avtomobili müasir rəqəmsal superkarlardan fərqləndirir. Burada məqsəd sadəcə yüksək performans deyil, sürücünün avtomobillə birbaşa əlaqəsini qorumaqdır.

Cəmi 25 avtomobil istehsal olunacaq. Qiymət rəsmi olaraq açıqlanmayıb. Spyker isə C8 Preliator XXV-ni markanın qayıdışının yalnız ilk mərhələsi kimi görür: növbəti layihələr arasında D8 Peking-to-Paris SUV-nin yenidən gündəmə gətirilməsi və GT3 səviyyəli avtoidman proqramının bərpası nəzərdə tutulur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Spyker-in geri dönüşü maraqlıdır, çünki marka böyük avtomobil qruplarından birinin resursları hesabına deyil, özünəməxsusluq sayəsində geri qayıdır. C8 Preliator XXV-də aviasuyadan gələn dizayn üslubu, əllə hazırlanan alüminium kuzov, mexaniki transmissiya və yüksək performans eyni avtomobildə birləşir.

Spyker yenidən səhnədədir və geri qayıdarkən ənənəvi superkar reseptini təkrarlamaq əvəzinə, özünün ən qəribə və ən fərqli tərəflərini geri gətirir.

AUTOGRAPH NOTE

Spyker-in C8 Preliator XXV modeli müasir superkar dünyasında getdikcə nadir görünən bir şeyi qoruyur: xarakter. O, 789 at gücünə malikdir. Fərqi isə metalda, mexanikada və əl işində hiss olunur.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.