Bu gün SsangYong şirkəti beynəlxalq Cenevrə avtomobil sərgisində Tivoli krossoverinin yeddli yerlik modifikasiyasını və iri ölçülü konseptual krossoveri nümayiş etdirməyi planlaşdırır. Bu barədə Cənubi Koreya istehsalçısının mətbuat xidməti hər iki avtomobilin tizerlərini yayaraq xəbər vermişdir. İlkin olaraq, Adına XLV hərfləri əlavə edilmiş Tivoli modelinin uzunluğunun 235 millimetr artaraq 4430 millimetrə çatdığı bildirilmişdir.
Bununla belə, avtomobilin təkərlərarası bazasının ölçüsü dəyişilməz olaraq qalır. Xatırladaq ki, beş yerli Tivoli modelinin təkərlərarası bazasının uzunluğu 2600 millimetr təşkil edir.
Yeni avtomobilin baqaj bölümünün maksimal həcmi 720 litr təşkil edir. Tivoli XLV modelinin mühərrik qammasına 126 at qüvvəsi gücü olan 1,6-litrlik benzin və dizel mühərrikləri daxil olacaqdır.
Hər iki güc aqreqatı altı pilləli mexaniki və ya avtomatik sürətlər qutusu ilə birlikdə çalışacaqlar. Krossover həm öndən çəkişli transmissiya, həm də tam ğtürücülü çəkiş sistemi ilə təklif ediləcəkdir.
Konseptə gəldikdə isə, SsangYong SİV-2 adı ilə təqdim ediləcək avtomobil koreyalı istehsalçının iri ölçülü krossoverinin carçısıdır. Konsept seriyaya gedərsə, istehsalçının model cərgəsində Tivoli modelindən üst pillədə yer alacaqdır. Nissan Qashqai modelinə rəqib olacaq avtomobilin 2018-ci ildə buraxılacağı söylənilir. SsangYong SİV-2 konsepti tərkibinə 1,5-litrlik benzin mühərriki, elektromotor və litium-ion batareyaları dəsti daxil olan hibrid güc aqreqatı ilə təchiz edilir.
Bununla bərabər, şirkət nümayəndələri konseptin yığıldığı platformanın, tam elektrik güc aqreqatı da daxil olmaqla, müxtəlif növ mühərriklərin quraşdırılması üçün uyğun olduğunu söyləmişlər.