SSC Tuatara hiperkarı yalnız üçüncü cəhddə dünyanın ən sürətli seriya avtomobili olduğunu təsdiqləməyi bacarıb: növbəti cəhddə avtomobil ortalama 455.3 km/saat göstəricısını qeydə alıb ki, bu da Koenigsegg Agera RS hiperkarının qeydə aldığı rekorddan 8 km/saat çoxdur.
Yeni rekordu qeydə almaq üçün ilk yürüyüş keçən ilin payızında həyata keçirilib. O zaman, SSC Tuatara hiperkarının ortalama 508.73 km/saat sürətini qeydə aldığı iddia olunurdu, ancaq yürüyüşlərdə çəkilən videoçarx bir sıra sualları ortaya çıxarıb. İkinci cəhd dekabr ayında həyata keçirilib, lakin uğursuz olub - hiperkar hətta öz nəticəsinə yaxınlaşmağı bacarmayıb və 404 km/saatlıq nəticəni qeydə alıb.
Üçüncü dəfə SSC North America nəhayət şanslı olub: Floridadaki Johnny Bohmer Proving Grounds poliqonunda yürüyüş zamanı SSC Tuatara bir istiqamətdə 450,1, digərində əks istiqamətdə isə 460,4 km/saata qədər sürətlənib.
Qaydalara əsasən rekord sayılan aritmetik ortalama sürət həddi 455,3 km/saat təşkil edib. Müqayisə üçün, bu günə qədər ən sürətli hiperkar sayılan Koenigsegg Agera RS modeli 447 km/saatlıq nəticəni göstərib.
Rekord yürüyüşü zamanı SSC Tuatara modelini peşəkar pilot yox, avtomobilin sahibi Larri Kəplin idarə edib. Mümkün olan səhvlərdən qaçınmaq üçün, bu dəfə Racelogic, Life Racing, Garmin və beynəlxalq IMRA birliyinin yüksək dəqiqlikli avadanlığından istifadə edilib.
Yəqin ki, SSC North America daha bir cəhdi həyata keçirəcəkdir, amma bu dəfə fərqli trekdə. Həqiqət budur ki, son yürüyüşün keçirildiyi seqmentin uzunluğu cəmi 3.7 kilometr idi. Daha uzun yolda, məsələn, Nevada əyalətindəki State Route 160 yolunun 11 kilometrlik hissəsində, SSC Tuatara modelinin öz rekordunu qırmaq şansı var.