Stelato brendi ötən il Huawei və BAIC tərəfindən yaradılıb və onun ilk məhsulu iri elektrik sedanı - Stelato S9 modeli olub. O, 2024-cü ilin yayında Çində satışa çıxarılıb, lakin ilin sonuna qədər cəmi 2073 avtomobil satılıb. Hazırda partnyorlar satışları artırmaq üçün səy göstərirlər: yazda plagin hibrid güc qurğusunu almış S9 sedanı bazara çıxıb, indi isə, Stelato S9T universalı nümayiş etdirilib.

Universal sedandan kuzovun formasına görə fərqlənir, hər iki versiyanın arxa hissəsinin dizaynı isə, eyni üslubda hazırlanıb. Universalın monofənəri bəndin fərqli formasını və xrom örtməni əldə edib. S9T universalının debütü üçün xüsusi kuzov rəngi – yaşıl Wizard of Wonderland hazırlanıb.

Sedanın və universalın ölçüləri eynidir: hər iki versiyanın uzunluğu 5160, eni - 2005, hündürlüyü isə, 1492 millimetrdir. Təkər bazasının genişliyi 3050 millimetr təşkil edir, 20 düymlük təkər diskləri isə, standart təchizata daxildirlər. Universalın interyeri nümayiş etdirilməyib, baqaj bölməsinin tutumu da açıqlanmayıb.

Sedan kimi, Stelato S9T universalı da sırf elektrik və hibrid versiyalarda təklif olunacaq, lakin hələlik yalnız arxa ötürməli avtomobillər sertifikatlaşdırılıb. Birinci versiya 100 kilovat/saatlıq 800 voltluq dartma batareyası, habelə 309 at qüvvəsi və 396 Nm hasil edən  elektrik mühərriki ilə təchiz olunur.

Çəkisi 2302 kiloqram olan elektromobil CLTC dövrünə əsasən tam dolu batareya ilə 801 kilometr məsafə qət etmək iqtidarındadır. Onun maksimal sürəti 210 km/saatdır. 

Eyni zamanda, sedan ümumi hasilatı 524 at qüvvəsi və 673 Nm  olan iki mühərrikli tamötürməli modifikasiyaya da malikdir. Hibrid versiya isə, batareyanın doldurulması üçün generator kimi çıxış edən və təkərlərə qoşulmayan 160 at qüvvəli 1,5-litrlik turbomühərrikə malikdir.

Arxa oxda 309 at qüvvəsi və 396 Nm hasil edən elektrik mühərriki quraşdırılıb. Maksimal sürət 202 km/saatdır. Boş çəkisi 2388 kiloqram olan hibridin yürüş məsafəsi 1355 kilometrə çatır, baxmayaraq ki, o, sırf elektrik dartması ilə yalnız 365 kilometr qət edə bilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Huawei və BAIC sentyabr ayında Stelato S9T universalını Çin bazarına çıxarmaq niyyətindədir. Qiymətlər hələlik açıqlanmayıb, lakin çox güman ki, universal Çində 310 - 450 min yuan (43-63 min dollar) arasında qiyməti olan sedanın bir qədər baha olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.