Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Stellantis konserni bazarda böyük çətinliklərlə üzləşib – konsernə daxil olan markaların bəzi modelləri orta hesabla 400-600 günə satılır. Dilerlər anbardakı ehtiyatlardan qurtulmağa çalışırlar, lakin hətta marketinq fəaliyyəti də alıcıları diler salonlarına gətirməyə kömək etmir. Belə dinamika sayəsində konsernin maliyyə vəziyyəti getdikcə pisləşir - proqnozlaşdırılan pul axını mənfi məbləği nümayiş etdirir.
2024-cü ilin ilk yarısında qrupun ümumi satışları 16% azalıb. Məsələn, Jeep şirkətinin satışları 9%, Chrysler markasının – 8%, Dodge markasının – 16%, Ram markasının satışları isə, 26% azalıb. Stellantis artıq dilerlərdə saxlanıla bilən avtomobillərin maksimum sayına məhdudiyyət qoyub - təxminən 330 min ədəd. Konsern həm yeni, həm də ən azı iki ildir ki, anbarlarda yatıb qalan avtomobillərə görünməmiş endirimlər təqdim edərək, ilin sonuna qədər bu hədəfə çatmağı planlaşdırır.
Ən yavaş satılan Stellantis avtomobili Alfa Romeo Giulia sedanıdır: orta hesabla bu modelə alıcı tapmaq üçün 617 gün lazımdır. Stelvio anbarda təxminən 456 gün qalır, onu 454 günlük göstərici ilə Fiat 500e təqib edir.
Konsern bütövlükdə dünya üzrə avtomobil sənayesinin vəziyyətinin ağır olduğunu hesab edir. Bundan əlavə, Stellantis Çin avtomobil istehsalçılarının getdikcə artan rəqabəti ilə üzləşir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.