Stellantis konserni mövcud olan V8 HEMI mühərrikini əvəzləyəcək yeni güc aqreqatını təqdim edib - bu, Hurricane (“Qasırğa”) adlandırılan iki turbokompressorlu sıralı altısilindrli mühərrikdir. Yeni mühərrik Stellantis konserninə daxil olan amerikan brendlərinin iri modellərində quraşdırılacaqdır: yeni aqreqat əsas arxa ötürüməsi olan avtomobillər üçün inşa edilib və kapotun altında uzununa yerləşir. Mühərrik 500 at qüvvəsinə qədər güc hasil edir.

Hurricane haqqında məlumat 2022-ci ilin əvvəlində peyda olub. İlkin olaraq, mühərrikin keçən əsrin 60-cı illərinin əvvəllərində Kaiser Jeep şirkəti tərəfindən yaradılmış 3,8-litrlik sıralı altısilindrli mühərrikin şərəfinə Tornado adlandırılacağı güman edilirdi. İndi isə, GMET6 zavod indeksinə sahib olan mühərrikin tarixi Hurricane adını aldığı məlum olub. Yeri gəlmişkən, bu ada keçən əsrin 50-ci illərində Willys CJ modeli üçün hazırlanmış sıralı dördsilindrli benzin mühərriki sahib olub.

Yeni “Qasırğa” altısilindrlidir, həcmi isə üç litrdir (daha doğrusu, 2993 kub santimetr). Turbokompressor cütlüyü paralel işləyir, yanacağın birbaşa püskürdülməsi isə 350 bar təzyiqilə həyata keçirilir. Qurğunun iki versiyası bəyan edilib: onlar sıxılma dərəcəsi, yanacaq nasoslarının sayı, turbokompressorların və soyutma sisteminin məhsuldarlığı ilə fərqlənirlər. Birinci halda hasilat 400 at qüvvəsi və 610 Nm, ikincidə isə 500 at qüvvəsi və 644 Nm təşkil edir.

Daxili yanma mühərriki iki yuxarı paylayıcı valı olan qazpaylama fazasının tənzimlənməsi mexanizmi, dəyişən məhsuldarlığı olan yağ nasosu, start-stop sistemi və sürtünməni azaltmaq üçün silindrlərin daxili divarlarına nazik kompozit təbəqəsinin çəkilməsini nəzərdə tutan Plasma Transferred Wire Arc (PTWA) texnologiyası ilə təchiz edilir.. PTWA texnologiyasından həmçinin Toyota Supra, Nissan GT-R və Ford Mustang Shelby GT500 modellərinin mühərriklərində də istifadə olunur.

Stellantis konserni hələlik yeni mühərriki ilk alacaq modellərin adlarını açıqlamayıb, lakin onların bu ilin sonuna qədər peyda olacaqlarını vəd edib. Bəzi xarici KİV-lər artıq Jeep Grand Wagoneer konfiquratorunda “Qasırğa” haqqında xatırlatmanı tapıblar (lakin məlumat dərhal silinib). Mühərrikin Jeep Wrangler, Grand Cherokee, Gladiator və Ram 1500 üçün təklif olunacağı gözlənilir. Stellantis, öz növbəsində, zamanla ekoloji cəhətdən təmiz olan yeni “turboaltılığın” köhnəlmiş HEMI V8 mühərrikini çeşiddən sıxışdırıb çıxardacağını təsdiq edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.