Subaru şirkəti özünün model xəttindəki ən iri krossoveri - Ascent modelini yeniləyib. Qeyd etmək gərəkdir ki, Ascent beş il bundan əvvəl debüt edib. Subaru markasının flaqman krossoverini ABŞ-da istehsal edir və elə burada da satırlar. Odur ki, praktiki olaraq, Subaru Ascent Amerikadan kənarda məşhur deyil. İndi isə, krossover ilk dəfə olaraq yenilənmədən keçib.

Ascent modelinin xarici görkəmi Subaru markasının digər müasir modelləri ilə eyni üslubda yenilənib: krossover C-şəkilli naxışı olan yeni ön və arxa fənərləri,  böyüdülmüş radiator barmaqlığını və başqa ön bamperi əldə edib. Artıq, beşmetrlik Ascent ön tərəfdən daha aqressiv görünür. Bununla yanaşı, bolluca qara dekoru olan Onyx Edition versiyası çeşiddəki yerini qoruyub.

Salondakı yenilik dəyişdirilmiş mərkəzi konsoldan ibarətdir. Multimedia sisteminin əvvəlki 6,5 və 8,0 düymlük ekranlarını 11,6-düymülk şaquli “planşet” (Legacy və Outback modellərindəki kimi) əvəzləyib. Bu ekran artıq krossover üçün standart avadanlıq sayılır. Tənzimləmələrin əksər hissəsi ekrandakı menyuya keçsə də, fiziki düymələr saxlanılıb.

AppleCar və Android Auto tətbiqləri artıq simsiz dəstəklənir, lakin naviqator əvvəlki kimi top versiyanın imtiyazıdır. Ascent ilk dəfə olaraq dairəvi müşahidə kameralarını və bütün oturma yerləri üçün mikrofon nəzərdə tutulmuş interkomu alıb, - artıq hərəkət zamanı, sərnişinlər səslərini yüksəltmədən söhbət edə biləcəklər.

Digər Subaru modellərində olduğu kimi, baza təchizatına daxil olan EyeSight kompleksi də modernləşdirilib. Alın şüşəsinin altındakı stereokameraların baxış bucağı genişləndirilib, onlara mərkəzdə quraşdırılmış üçüncü obyektiv qoşulub. Şirkətdən bu monokameranın piyada və velosipedçiləri daha tez aşkar etdiyini bildirirlər.

Ascent daha yeyin və intensiv yavaşlamanı təmin edən elektrik əyləc gücləndiricisini alıb. Nəhayət, sürücüyə 80 km/saat həddinə qədər sürətlərdə maneədən qaçmağa yardım edən Automatic Emergency Steering sistemi peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Subaru Ascent modelinin güc aqreqatı dəyişməyib. Krossover 264 at qüvvəsi hasil edən 2,4-litrlik dördsilindrli turbomühərrik, Lineatronic variatoru və tam ötürmə ilə təklif edilir. Yeganə dəyişiklik X-Mode sistemində baş verib: indi bu sistem bir deyil, iki ofroud rejiminə malikdir - Snow/Dirt və Deep Snow/Mud.

Yenilənmiş Subaru Ascent modellərinin amerikan bazarındakı satışlarına bu ilin payızında başlanmalıdır. Hazırda yenilənmədən əvvəlki krossover 33 - 46 min dollar arasında dəyişən qiymətlərlə satılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.