Yeni il öncəsi Subaru öz fanatlarına xüsusi hədiyyə təqdim etmək niyyətindədir. Bunu yapon istehsalçısı tərəfindən dərc edilmiş tizer söyləyir. Yayılan videoçarxdan da göründüyü kimi, Subaru şirkəti WRX STI sedanının xüsusi versiyasını sınaqdan keçirir. Böyük ehtimalla, xüsusi versiyadan olan Subaru WRX STI 14 yanvar tarixində işinə başlayacaq Detroyt avtosalonunda debüt edəcəkdir.
Xüsusi versiyadan olan sedanlar bir sıra yeni aerodinamik kuzov elementlərinə sahib olacaqdır. Sedan ön bamperdəki üfüqi xəttləri olan barmaqlığa, splitterə və onun yan tərəflərində qoyulan kanardlara sahib olub. Arxa bamper də dəyişikliklərdən nəsibini alıbdır. Bundan başqa, genişləndirilmiş ön və arxa qanadlar avtomobilin daha enli təkərlər ilə təchiz ediləcəyindən xəbər verir.
Videoçarx avtomobilin xarici görünüşü barədə mülahizə yürütmək imkanı vermir, lakin görüntülərdə təkər disklərinin Subaru ralli avtomobillərindəki kimi qızılı çalara malik olduğu görünür. Baqaj qapağının üzərində bərkidilmiş iri antiqanad və arxa bamperdəki hava çıxışları da yeniliklərdən xəbər verir. Buraxılış sisteminin iri formalı çıxış boruları sedanın yeni buraxılış sistemi ilə təchiz edildiyinə işarə edir.
Bir müddət bundan öncə, Subaru şirkətinin S209 əmtəə nişanını qeydə aldığı məlum olub. Çox güman ki, bu ad WRX STI modelinin xüsusi versiyası üçün nəzərdə tutulub. Xatırladaq ki, yapon istehsalçısı bu günə qədər S seriyasından olan modelləri ABŞ bazarında təklif etməyib.