Yeddinci nəsil Subaru Outback modeli ABŞ bazarında bir il əvvəl debüt edib, lakin yeni krossover digər ölkələri fəth etməyə tələsmir. Hətta, debüt zamanı modelin yapon tarixinin də başa çatdığı məlum olub, ötən ilin yanvar ayında isə, Brüssel avtosalonunda Avropa üçün hazırlanmış tamamilə fərqli bir Outback təqdim edilib. Subaru E-Outback adlanan model sırf elektrik dartması ilə hərəkətə gəlir. İndi isə, Subaru E-Outback müxtəlif Avropa bazarlarında satışa çıxarılıb və onun haqqında bütün təfərrüatlar açıqlanıb.

İlk baxışdan aydın olur ki, Avropada satılan E-Outback krossoveri müstəqil model deyil, o, bir il əvvəl Şimali Amerikada debüt etmiş Subaru Trailseeker elektrik krossoverinin yerli variantıdır. Müvafiq olaraq, həm Trailseeker, həm də yeni E-Outback, Subaru Solterra krossoverinin daha uzun, ofroud qabiliyyətli versiyalarıdır. Avropa və Amerika versiyalarının ölçüləri də eynidir: hər iki versiyanın uzunluğu 4845 millimetr, eni - 1860 millimetr, təkər bazası isə, 2850 millimetrdir. Bununla belə, Avropa versiyasının klirensi 210-dan 214 millimetrə qədər, hündürlüyü isə,  1670-dən 1675 millimetrə qədər artırılıb. E-Outback 18 və ya 20 düymlük təkər diskləri ilə təchiz edilir.

İnteryer də dəyişməz qalıb. Amerikan Trailseeker modeli kimi, E-Outback krossoveri də iki cərgəsi, beş nəfərlik salona, məlumat-əyləncə ön paneldə quraşdırılmış 14 düymlük ekranına malikdir. Onun altında iqlimə nəzarət və audio sistemləri üçün fiziki dəstəklər və düymələr yerləşdirilib. Cihazlar panelinin kiçik ekranı ön şüşəyə tərəf sürüşdürülüb. Mərkəzi konsolda iki simsiz şarj meydançası və transmissiyanın xarakterik selektoru var. Seçimlər siyahısına bütün oturacaqlar və sükan çarxının isidilməsi, havalandırılan ön oturacaqlar, dairəvi görüntü kameraları sistemi, panoram dam və elektron yardımçılar dəsti olan Subaru Safety Sense adaptiv kruiz kontrolu daxildir.

Subaru E-Outback modeli okeanın o tayındakı həmkarının elektrik sistemi ilə eyni olan alternativsiz güc aqreqatı ilə təchiz edilir. İkimühərrikli tam ötürmə sistemi 381 at qüvvəsi hasil edir və krossoveri 0-dan 100 km/saat həddinə 4,4 saniyəyə sürətləndirir. Versiyadan asılı olaraq, 74,7 kilovat/saatlıq batareya şarj etmədən WLTP dövrünə əsasən 482 ilə 523 km arasında gediş məsafəsini təmin edir. Maraqlıdır ki, Trailseeker modelinin daha ciddi amerikan EPA metodologiyası ilə ölçülən gediş məsafəsi 418 kilometrdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektromobilliyin Avropadakı əsas məkanı olan Norveçdə Subaru E-Outback modelinin qiyməti 585.000 krondan (60.000 dollar) başlayır. ABŞ-da oxşar Trailseeker xeyli ucuzdur – onun qiyməti 40.000 dollardan başlayır. Böyük ehtimalla, Subaru E-Outback elektrik krossoverinin Avropada peyda olması, yeni yanacaqlı Outback modelinin Köhnə Dünya ilə vidlaşmasına işarə edir: səbəb isə, gün kimi aydındır – sərt ekoloji normalar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.