Yayın əvvəlində Yaponiyada təqdim olunan yenilənmiş Subaru Forester krossoveri ABŞ bazarında da satışa çıxarılıb. Yenilənmiş krossover kiçildilmiş fənərləri olan yeni “üzə”, təkmilləşdirilmiş EyeSight təhlükəsizlik sistemləri kompleksinə və bir sıra xırda yeniliklərə sahib olub.
Ancaq əlavə olaraq, Subaru Amerika bazarı üçün Forester Wilderness versiyasını da hazırlayıb - bu modifikasiya digər versiyalardan artırılmış ofroud xarakteristikaları və qara kuzov dəsti ilə fərqlənir.
Yenilənmiş Forester Wilderness krossoveri bu seriyandan olan ikinci avtomobildir: “ofroud” xəttinin ilk nümayəndəsi bu ilin yazında debüt etmiş Subaru Outback Wilderness kross-universalıdır. Yeni Forester modeli də Outback Wilderness ilə eyni reseptə uyğun olaraq hazırlanıb - reseptin əsas inqrediyenti gücləndirilmiş asqı sistemidir.
Krossover yeni yaylara və amortizatorlara sahib olub, avtomobilin klirensi isə 220-dən 234 millimetrə qədər artırılıb. Kuzovun giriş bucağı indi 23.5 dərəcəyə (+ 3.5 dərəcə), çıxış bucağı isə 25.4 dərəcəyə (+ 0.8 dərəcə) çatır. Bundan başqa, altlığın gücləndirilmiş müdafiəsi və 225/60 R17 ölçülü Yokohama Geolandar ofroud şinləri quraşdırılıb.
Subaru Forester Wilderness krossoveri 185 at qüvvəli standart 2.5-litrlik atmosfer mühərriki və Lineartronic variatoru ilə təchiz edilir. Lakin ötürmə nisbətlərinin iş diapazonu genişləndirilib, baş ötürmə isə qısaldılıb (3.7: 1 əvəzinə 4.11: 1) və əlavə olaraq X-Mode elektron sisteminin ofroud rejimləri yenidən tənizmləniblər.
Variatorun yolsuzluqda daha çox qızmaması üçün, onun soyutma sistemi gücləndirilib. Bu, eyni zamanda, yedəyə alınan qoşqunun icazə verilən çəkisini (1360 kiloqrama qədər), demək olar ki, iki dəfə artırmağa imkan verib.
Əlavə olaraq, Wilderness versiyası daha güclü dam reylinqlərinə malikdir. Onlar standartlar variantdan 20 millimetr genişdirlər və 100 kiloqrama (+ 20 kiloqram) qədər yük daşımağa imkan verirlər. Dayanacaqda isə, belə dam reylinqləri 363 kiloqrama (+ 63 kiloqram) qədər yükə tab gətirə bilərlər: məsələn, gecəni açıq havada keçirmək üçün damda çadır qurmaq olar.
Digər dəyişikliklər arasında dərində yerləşdirilmiş duman işıqları olan qara rəngli yeni bamperlər, təkər tağlarının genişləndiriciləri və kapota vurulmuş parıltı əleyhinə qara örtük var. Salonda suya davamlı örtüyü olan oturacaqlar və seçilən dekor var. Üstəlik, eksteryer və interyerdə yeni versiyanın firma loqotipləri yerləşdirilib. Avadanlıq baxımından Wilderness versiyası ən zəngin Premium təchizatına uyğundur.
Yenilənmiş Subaru Forester ailəsi ABŞ bazarına oktyabr ayında satışa çıxacaqdır. Krossoverin qiyməti 25 - 35 min dollar arasında olacaqdır. Forester Wilderness modeli isə 32,800 dollara satılacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.