Altıncı nəsil Subaru Forester krossoveri 2023-cü ilin sonunda debüt edib və artıq bir çox bazarlarda satışa çıxarılıb. İndi isə, yapon şirkəti onun modifikasiya çeşidini genişləndirib: Amerikada iki yeni versiya təqdim olunub. Birinci versiya Subaru Forester Wilderness adlanır və asfaltlanmış yollardan uzaqlaşmağı sevənlər üçün nəzərdə tutulub.
![](https://autograph.az/../images/150277_src.jpeg)
Əvvəlki nəsildə olduğu kimi, yeni Forester Wilderness əsas versiyadan başqa bamperlər, kandarlar və radiator barmaqlığı, həmçinin çoxlu sayda rənglənməmiş plastikdən detallar və kuzovdakı mis rəngli aksentlər ilə fərqlənir. Ön bamperin kənarlarında daha güclü duman əleyhinə işıqlar peyda olub. Dam 363 kiloqrama qədər yükə tab gətirə bilən baqaj reylinqləri ilə təchiz olunub və avtomobilin altında əlavə müdafiə quraşdırılıb. Böyük yedək qarmaqları üçün yer də tapılıb. Qara rəngli 17-düymlük disklər “dişli” Yokohama Geolandar şinlərinə malikdirlər. Gücləndirilmiş yaylar və amortizatorlar klirensi 236 millimetrə qədər artırmağa imkan veriblər.
![](https://autograph.az/../images/150278_src.jpeg)
Wilderness versiyasının interyeri suydavamlı və asan təmizlənən materialların birləşməsi ilə üzlənib. Qabaq oturacaqların baş dayaqlarında ofroud versiyasının çıxıntılı loqoları var. Döşəmə (baqaj daxil olmaqla) xarakterik naxışlı rezin ayaqaltılarla örtülüb. Sükan çarxı və transmissiyanın dəstəyi mis rəngli bəzəkləri alıb. Hərəkət rejimləri sistemi iki əlavə ofroud profilini əldə edib: snow/dirt və deep snow/mud.
![](https://autograph.az/../images/150279_src.jpeg)
Kapotun altında standart atmosfer tipli 2,5-litrlik oppozit mühərriki (183 at qüvvəsi, 241 Nm) və Lineartronic variatoru yerləşir. Sonuncu yolsuzluq şəraitində aşağı sürətlərlə daha inamlı hərəkət etmək üçün yenidən tənzimlənib. Eyni dərəcədə vacib bir təkmilləşdirmə, pilləsiz transmissiyanı daha davamlı edən və yedəyə alınan qoşqunun çəkisini 1588 kiloqrama qədər artırmağa imkan verən əlavə soyutma radiatorudur.
![](https://autograph.az/../images/150280_src.jpeg)
kinci yeni versiya Subaru Forester Hybrid krossoveridir. Lakin bu artıq Avropa bazarında peyda olan hibrid deyil. Amerikada satılan hibrid Forester, keçən payızda daha yığcam Subaru Crosstrek modelində debüt edən və artıq variatora malik olmayan yeni nəsil S:HEV güc qurğusunu alıb. 2,5-litrlik oppozit atmosfer mühərriki (164 at qüvvəsi, 209 Nm) qənaətcil dövrədə işləyir və ona startyor-generator, habelə dartma elektrik mühərriki (120 at qüvvəsi, 270 Nm) kömək edir. Sistemin ümumi gücü 197 at qüvvəsi təşkil edir.
![](https://autograph.az/../images/150301_src.jpeg)
Hibrid Forester əsasən elektrik dartması ilə hərəkət edir, çünki daxili yanma mühərriki yalnız nisbətən yüksək sürətlərdə mufta və birpilləli reduktor vasitəsilə təkərlərə qoşulur. Hibrid sistem həm ardıcıl, həm də paralel rejimdə işləyə bilər. Eyni zamanda, Subaru ənənəvi mexaniki tam ötürmə sistemini saxlayıb: paylayıcı qutu və oxlararası mufta da var, arxa oxa isə, kardan valı gedir. Baqaj döşəməsinin altında quraşdırılmış dartma batareyasının tutumu cəmi 1,1 kilovat/saatdır. Tam dolu yanacaq çəni ilə hibrid Forester 935 kilometr məsafə qət edə bilir.
ABŞ-da Subaru Forester Hybrid modelini artıq 36 400 - 43 100 dollar arasında qiymətlərlə sifariş etmək olar. İlk avtomobillər dilerlərə yazda çatdırılacaqlar. Subaru Forester Wilderness versiyası payızda satışa çıxmalıdır, ona görə də qiymətlər hələlik açıqlanmayıb.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.