Subaru şirkəti 2022-ci ilin ortalarında Yaponiya, ABŞ, Kanada, Avropa və Çin bazarlarına çıxacaq ilk seriya elektrokarının tizerlərini nəşr edib. Solterra adı latın dilindəki Sol (“Günəş”) və Terra (“Yer”) sözlərindən ibarətdir. Eelektrokar format baxımından Subaru Forester krossoverinə analoqudur. Bununla birlikdə, əslində, elektrokar bu yaxınlarda seriyaöncəsi variantında debüt edən Toyota bZ4X modelinin əkiz qardaşıdır.
Hətta tizerdə Subaru Solterra və Toyota bZ4X modellərinin yan şüşələrin forması və kapot xətləri də daxil olmaqla eyni kuzova sahib olduğu görünür. İki avtomobil arasındakı yeganə fərq fənərlər və dekorativ barmaqlıq daxil olmaqla ön tərəfin dizaynında olacaqdır.
Elektrik krossoverləri iki şirkət tərəfindən birgə hazırlanıb. Krossoverlərin əsasını Toyota şirkətinin e-TNGA, Subaru şirkətinin isə e-SGP (Subaru Global Platform) adlandırdığı modul platforması təşkil edir.
Bu platforma unifikasiya edilmiş mühərrik modullarına (nəzəri olaraq ötürmə ön, arxa və ya tam ola bilər), mexaniki əlaqəsi olmayan sükan mexanizmi (naqill ilə idarə olunur) və batareyanı doldurmaq üçün günəş panelləri, habelə Subaru şirkətinin əsas töhvəsi olan tam ötürmə sisteminə malikdir.
Təəssüf ki, Toyota da hələ elektrik krossoverinin heç bir xüsusiyyətini dərc etməyib, buna görə də, elektrokarların debütünü gözləmək gərəkdir.