Subaru şirkəti qarşıdan gələn Nyu-York avtomobil sərgisində İmpreza modelinin yeni nəslini nümayiş etdirəcəyini bəyan etmişdir. Yapon istehsalçı bəyanət verməklə kifayətlənməmiş və İmpreza modelinin ilk tizerini dərc etmişdir. Çox güman ki, Subaru İmpreza modelinin yeni nəsli həm sedan, həm də hetçbek kuzovu ilə təklif ediləcəkdir. Xatırladaq ki, keçən il keçirilmiş Tokyo və Los-Anjeles avtomobil sərgilərində Subaru şirkəti İmpreza modelinin 5-qapılı hetçbek və sedan kuzovlu konseptlərini təqdim etmişdir.
Subaru İmpreza avtomobilinin növbəti nəsli yapon istehsalçısının 2014-cü ilin mayında qəbul etdiyi «Prominence 2020» proqramı üzrə istehsal ediləcək yeni modellərindən birincisidir. Dərc olunmuş tizerdən də göründüyü kimi, yeni avtomobilin dizaynı Tokyo və Los-Anjelesdə təqdim edilmiş konseptlər qədər cəlbedici olmasa da, cari modellərdən daha gözəgəlimli olacaqdır.
Heç də təsadüf deyil ki, bir gün bundan öncə yapon şirkəti gələcək avtomobillərin əsasını təşkil edəcək Subaru Global Planform (SGP) modul platformasını təqdim etmişdir. Bu platforma istehsal ediləcək avtomobillərin maya dəyərini aşağı salmağa və müxtəlif güc aqreqatlarını quraşdırmağa imkan verəcəkdir. Bundan əlavə, yeni platforma avtomobilin ağırlıq mərkəzini aşağı salmağa və onun kuzovun sərtliliyini 70%, dayanıqlığını isə 50% artırmağa kömək edəcəkdir.
Yeni İmpreza’nın mühərriklər qamması barədə dəqiq məlumat olmasa da, avtomobilin kiçik iş həcmi olan turboüfürməli güc aqreqatları, 6-pilləli mexaniki sürətlər qutusu və CVT variatoru ilə təchiz ediləcəyi ehtimal edilir. Şübhəsiz ki, yeni Subaru İmpreza markanın vizit kartına çevrilmiş simmetrik ötürməli tam çəkiş sistemi ilə də təchiz ediləcəkdir.
Subaru şirkəti Nyu-York avtosalonuna gətirəcəyi avtomobilin hansı kuzovla təchiz ediləcəyini bildirməmişdir. Çox güman ki, avtomobil hər iki kuzov tipi ilə nümayiş etdiriləcəkdir.