Yaponiyada keçirilən «İlin avtomobili» müsabiqəsinin təşkilatçıları qalibi müəyyən etmişdirlər. İlin ən yaxşı avtomobili Subaru İmpreza modeli elan edilmişdir. İmpreza, müvafiq olaraq ikinci və üçüncü yer tutmuşToyota Prius və Audi A4 modellərinə qalib gəlmişdir.
Yeni Subaru İmpreza modeli bu ilin mart ayında keçirilmiş Nyu-York avtosalonunda debüt etmişdir. Avtomobilin Yaponiyadakı satışlarına 13 oktyabrda başlanmışdır. Bir aydan sonra Subaru şirkəti İmpreza ailəsinə 11 min sifariş qəbul etmişdir. Bu Subaru şirkətinin planlaşdırdığı aylıq satış rəqəmdən dörd dəfə çox olmuşdur. İstehsalçının bildirdiyinə görə, sifarişlərin 51 faizi digər markaların modellərinin sahiblərindən daxil olmuşdur.
Yeni Subaru İmpreza sedanı yapon markasının SGP (Subaru Global Platform) modul platformasında istehsal edilən ilk seriya modelidir. Sonradan bu şassi, 320 at qüvvəli hibrid güc aqreqatı ilə hərəkətə gələcək WRX STi daxil olmaqla bütün Subaru avtomobillərinin əsasını təşkil edəcəkdir. Beşinci nəsil Subaru İmpreza avtomobilinin təkər bazası 25 millimetr, qabarit uzunluğu - 41 millimetr, eni isə 38 millimetr artmış, avtomobilin hündürlüyü isə 10 millimetr azalmışdır. Subaru İmpreza modelləri 152 at qüvvəli yeni 2,0-litrlik dördsilindirli oppozit mühərriki, Lineartronic variatoru və tam çəkiş sistemi ilə təchiz edilir. Mühərrik, az yüklənmə zamanı silindirlərin bir hissəsinin söndürülməsi funksiyasına malikdir.
Yeni Subaru İmpreza modelləri üçün Sport modifikasiyası da təklif ediləcəkdir ki, bu qəbildən olan avtomobillər idman xarakterli asqı və Active Torque Vectoring sistemi ilə təchiz ediləcəkdir. Avtomobilin təchizatına səs ilə idarə edilə bilən, Apple CarPlay və Android Auto interfeyslərini dəstəkləyən, 8,5 düymlük sensor ekranı olan multimedia sistemi və tərkibində toqquşmaların qarşısını alan, zolaqlara nəzarəti həyata keçirən, aktiv kruiz-kontrol olan EyeSight təhlükəsizlik sistemləri dəsti daxil edilmişdir.