Subaru şirkəti Yaponiyada satılan Impreza modelini yeniləyib. Restaylinq keçmiş hetçbek və sedan əvvəlki modellərdən eksteryer və interyeri ilə fərqlənir. Yenilənmiş Subaru Impreza başqa formalı radiator barmaqlığına, qara kəsikləri olan ön bamperə, müasirləşdirilmiş ön və arxa işıq texnikasına sahib olub. Salonda iri sensorlu ekranı olan multimedia sistemini, həmçinin keyfiyyəti yüksəldilmiş tərtibat materiallarını görmək olar.
Daha bir yenilik Subaru Impreza modelinin standart təchizatına daxil edilmiş Eyesight Touring Assist dəstidir. Bu dəstin tərkibinə zolaqda saxlama funksiyası, avtomatik əyləcləmə sistemi və adaptiv kruiz-kontrol daxildir. Texniki cəhətdən Impreza dəyişilməyib: model 115 at qüvvəli 1,6-litrlik və 154 at qüvvəli 2,0-litrlik oppozit mühərrikləri ilə təchiz edilir. Güc aqreqatları variatorla tandemdə çalışırlar. Ötürmə - öndən və ya tam çəkişlidir.
Yenilənmiş Subaru Impreza yapon dilerlərinin salonlarında bu ilin payızında nümayiş etdiriləcəkdirlər. Sonra isə, model Avropa və ABŞ bazarlarında satılmağa başlayacaqdır.