Subaru şirkəti Yaponiyada yeni Levorg Layback modelinə ilkin sifarişləri qəbul etməyə başlayıb. Bu, üç il əvvəl buraxılmış adi ikinci nəsil Levorq modelinin kross versiyasıdır. Yəni, Layback təxminən otuz il əvvəl Legacy modelinin bazasında yaradılmış Outback ilə təxminən eyni reseptə uyğun olaraq hazırlanıb.

Zahiri cəhətdən Levorg Layback standart universaldan başqa bamperləri, böyüdülmüş radiator barmaqlığı və kuzovun perimetri boyunca quraşdırılmış plastikdən qoruyucu kuzov dəsti ilə fərqlənir. Üstəlik, qara və ya da kuzov rənginə boyanmış variantı seçmək olar. Kross-universal standart olaraq 225/55 R18 ölçülü təkərlərlə təchiz edilir.

Levorg kross-universalı adi universaldan 15 millimetr uzun (4770 millimetr), 25 millimetr enli (1820 millimetr) və 70 millimetr hündür (1570 millimetr) olub. Onun klirensi isə 55 millimetr artaraq 200 millimterə çatıb. Baqaj bölməsinin həcmi, baza universalındakı kimi 492 litrdir, üstəlik, Lovorg modelində baqaj döşəməsinin altında böyük (69 litr) bölmə var.

İnteryer standart olaraq qalır, lakin Layback versiyası üçün bürünc tikişləri olan eksklüziv qara/bej rəngində tərtibat, həmçinin multimedia sisteminin 11,6-düymlük ekranının gümüş haşiyəsi təklif edilir.

Texnologiya baxımından kross-universal adi Levorq modelini təkrarlayır. O, Lineartronic variatoru ilə tandemdə çalışann 177 at qüvvəsi və 300 Nm hasil edən 1,8 litrlik (CB18 seriyasından olan) oppozit turbomühərriklə təchiz edilir. Ötürmə - əlbəttə ki, bütün təkərlərdir.

Bəs 265 at qüvvəli 2,4-litrlik “turbodördlük”? Çox güman ki, belə bir "bərkgedən" modifikasiya olmayacaq, çünki Layback versiyasının əsas məziyyətləri rahatlıq və təhlükəsizlikdir. Subaru, kross-universalın məhz standart Levorg universalının idmansayağı və sərt olduğunu hesab edən sürücülər üçün yaradıldığını vurğulayıb. 

Layback adı ingilis "laid-back" sözündən gəlir ki, onun da mənası "sakit", "təmkinli" deməkdir. Bunun müqabilində istehsalçı müştərilərə yaxşılaşdırılmış hərəkət rahatlığını və təkmilləşdirilmiş səs izolyasiyasını vəd edir.

Levorg Layback modelinin standart təchizatına 12,3-düymlük virtual cihazlar paneli, 10-dinamikli Harman/Kardon səs sistemi və adaptiv kruiz-kontrol, avtomatik əyləcləmə və zolaqda aktiv saxlama sistemləri də daxil olmaqla, EyeSight X təhlükəsizlik sistemləri kompleksi daxildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Piyadalar üçün hava yastığı da var. Maraqlı həllərdən biri də, Levorq modelinin arxa qapılarındakı əlavə mil-fiksatordur - bu mil, yandan zərbələr zamanı qapıların içəri nüfuz etməsinin qarşısının alınması üçün nəzərdə tutulub.

Subaru hələlik qiymətləri və kross-universalın satışının dəqiq başlama tarixini açıqlamayıb, lakin Yaponiyadakı bəzi dilerlər Levorg Layback modelinin ilk tədarüklərinin oktyabrın ortalarında gözlənildiyini bildiriblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.